Əlil və şəhid ailələri üçün Qubada yeni yaşayış binası istifadəyə verilib

24 Dekabr 2011 17:02 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Qubada əlil və şəhid ailələri üçün yeni inşa olunan 4 mərtəbəli, 36 mənzilli yaşayış binası istifadəyə verilib.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rəsmi mərasimdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Natiq Məmmədov bildirib ki, rayonda yaşayan şəhid və əlil ailələri üçün 2011-ci ildə iki yaşayış binası tikilib. İl ərzində bu təbəqədən olan 102 ailə mənzillə, 60 əlil isə avtomobillə təmin edilib. Yeni il ərəfəsində məişət avadanlıqları və mebel ilə təchiz edilən mənzil alan ailələr göstərilən bu qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Şəhid və əlil ailələri həmçinin onlara verilən təqaüdlərin 10 faiz artırılmasına görə də razılıqlarını bildiriblər.

Qeyd edək ki, tədbirin sonunda ailələrə verilən yeni mənzillərin orderləri təqdim olunub.


Emin Kərimov.