Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində, yaradıcı şəkildə, məharətlə davam etdirmək, sabit və ardıcıl yüksəliş və yeniləşmə gündəlik həyatımızın reallığına çevrilib. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir. İndi Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri və Cənubi Qafqazın lider dövlətidir. Bunu SəsTV-yə müsahibəsində YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, ölkəmizin ildən-ilə daha da zənginləşməsi qarşıya qoyulan ən mürəkkəb və çətin vəzifələrin öhdəsindən gəlməyə imkan yaradır. Sənaye və kənd təsərrüfatı potensialının güclənməsinə, regionların sosial-iqtisadi inkişafına yönələn möhtəşəm dövlət proqramları icra olunur, xalqımızın rifah halının yüksəlməsinə xidmət edən tədbirlər həyata keçirilir, əmək haqları, müavinətlər, pensiyalar artırılır, elm və təhsilin, mədəniyyət və incəsənətin, səhiyyə və idmanın tərəqqisi üçün lazımi işlər görülür. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə geniş miqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində nüfuzu artır.
Dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi yüksək zirvənin fəth edilməsində öz parlaq ifadəsini tapıb. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur. Şübhə yoxdur ki, qısa zamanda möhtərəm Prezidentimiz dövlətimizin bu probleminin də həllinə nail olacaq.
Siyasi Şuranın üzvü qeyd edib ki, xalqımızın maraqları və tələbatı üzərində qurduğu siyasət, müasir idarəçilik üslubu cənab Prezidentə ölkəmizdə və xaricdə böyük hörmət və nüfuz qazandırıb. Azərbaycanın xoşbəxt gələcəyi bu gün onun əzmlə həyata keçirdiyiniz quruculuq və inkişaf strategiyası ilə bağlıdır.
A.Hüseynov bildirib ki, müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından tələb olunan yüksək intellekt, siyasətə, iqtisadiyyata, incəsənətə, tarixə, başqa sahələrə dərindən bələdlik kimi xüsusiyyətlərlə yanaşı, vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlər tələb olunur. Bütün bunlar ulu öndərimizin layiqli davamçısı prezident İlham Əliyevdə cəmləşib. Onun nümunəvi insani keyfiyyətləri gözəl ailə başçısı olmasında öz təcəssümünü tapıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və övladları ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, xalqımızı düşündürən problemlərin həllinə kömək göstərmək üçün mümkün olan hər şeyi edirlər. Mən əminəm ki, cənab Prezidentimizə xas olan siyasi səriştə dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək. Cənab Prezidentimizin keçdiyi parlaq həyat yolu bir daha onu sübut edir ki, O doğrudan da əməyi, qabiliyyəti, zəkası, diplomatik bacarığı və bütün keyfiyyəti ilə dünya siyasətçiləri arasında özünə məxsus yeri olan liderdir. Biz bunula fəxr edirik.
\"Mən bir daha Qaradağ rayonu Yeni Azərbaycan Partiyası, eləcə də rayon ictimaiyyəti adından cənab Prezidentimizi yubiley ad günü - 50 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm\", - deyə Qaradağ rayon təşkilatının sədri fikirlərini tamamlayıb.