Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub

24 Dekabr 2011 14:46 (UTC+04:00)
2011-ci ilin son aylarında dünyanın ən nüfuzlu araşdırma və sorğu şirkətlərindən biri olan "Gallup İnternational"ın dünyanın 51 ölkəsində apardığı "Qlobal Ümid və Ümidsizlik Barometri" adlı sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub.


Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu göstərici ölkə əhalisinin gələcəyə ümid bəslədiyini, növbəti ildə hazırkı ilə nisbətən əhalinin rifah səviyyəsinin daha da yüksələcəyinə inandığını, ölkəmizin 2012-ci ildə inkişafına böyük nikbinliklə baxdığını göstərir. Bundan əlavə, Azərbaycan cari ildə ən yüksək irəliləyiş əldə etmiş ölkələr sırasında ilk yerlərdən birini tutur. Eyni zamanda, araşdırma bunu da göstərir ki, ümidsizlik dərəcəsi Avropa və Şimali Amerikada dünyanın digər ölkələri ilə müqayisədə daha yüksəkdir. Hesabatda qeyd edilir ki, son 34 il ərzində keçirilən sorğulara nisbətən bu ilin göstəricilərini dünya üzrə ən pessimist göstəricilər hesab etmək olar.


Sorğu bu il dünya ölkələri üzrə 45 000-dən artıq respondent arasında aparılıb. Etibarlı və yüksək peşəkarlıqla fərqlənən metodologiya, respondentlərin geniş əhatə dairəsi və ümumi obyektivliklə seçilən bu reytinqdə Azərbaycanın yüksək templərlə irəliləməsi ölkədə aparılan islahatlar və siyasətin əhali tərəfindən yüksək qiymətləndirilməsinə sübutdur.


Qeyd edək ki, "Gallup International" araşdırma və sorğu Assosiasiyası 60 ildən artıq bir dövrdə fəaliyyət göstərir və dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə aparıcı araşdırma qruplarından biridir. "Qlobal Ümid və Ümidsizlik Barometri" hesabatı isə 1977-ci ildən başlayaraq ildə bir dəfə hazırlanır.