Milli Park Şaxta baba və Qar qız olmaq istəyən intellektual səviyyəli şəxsləri işə dəvət edir

24 Dekabr 2011 13:02 (UTC+04:00)

Yeni ilin bayramı və \"Eurovision\" beynəlxalq mahnı müsabiqəsinə hazırlıq məqsədi ilə Milli parkda hazırlıq və abadlıq işlərinə start verilib.

Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidovun SİA-ya verdiyi məlumata görə, yeni il bayramı ilə əlaqədar Milli Parkda 8 yerdə yolka quraşdırılıb: "Yolkalardan ən böyüyü Kukla Teatrının arxasında quraşdırılıb. Yolkaların yanında Şaxta baba və Qar qızları olacaq. Ötən illərdən fərqli olaraq bu il Şaxta baba və Qar qız işə götürülərkən onların görkəmlərinə də diqqət yetirilib. Belə ki, şaxta babalar hündür boy, Qar qızlar isə incə xanımlar arasından seçilib. Həmcinin işə götürülən Şaxta baba və Qar qızların intellektual səviyyəsinə də önəm verilib. Onlar ilk növbədə sağlam olmalı, uşaqlarla rəftar etməyi bacarmalı, əyləndirməli, bayramı rəngərənk etməlidirlər. Ona görə də müraciət edənlərdən şəxsiyyət vəsiqəsi ilə yanaşı sağlamlıq haqqında arayış tələb olunub".


N.Məcidov bayram günlərində bulvar ərazisində şənliklərin təşkil ediləcəyini də dedi. Ən geniş tədbir parkdakı hündür yolkanın yanında keçiriləcək. Burada yeni illə bağlı maraqlı filmlər nümayiş olunacaq. Müxtəlif nağıl qəhrəmanları qonaqları əyləndirəcək. Tezliklə buz meydançası da istifadəyə veriləcək.


\"Eurovision-2012\" beynəlxalq mahnı müsabiqəsinə qədər isə bulvarın ərazisi 4 kilometrdən 7 kilometrədək uzadılacaq. Artıq Bakı İdman Sarayından Dövlət Bayraq Meydanına qədər olan ərazi genişləndirilib və abadlıq işləri görülür. Bura və \"Sadko\" kafesi adlanan ərazidə təmir-tikinti işləri yekunlaşdırılaraq 2012-ci ilin mart ayında istifadəyə veriləcək. "Eurovision" müsabiqəsinin yaxınlaşması ilə əlaqədar bulvar ərazisində valyutadəyişmə məntəqələrinin də sayı artırılacaq. Həmcinin bütün obyektlərdə pos-terminallar quraşdırılacaq. Kafelərdə isə kartla ödəniş etmək üçün aparatlar qoyulacaq. Bulvarda velosiped həvəskarları üçün də şərait yaradılır. Bu məqsədlə ayrılan xüsusi yolda xətlər çəkiləcək. Bulvar ərazisində 6 yerdə piyada keçidlərin tikiləcəyi haqda da məlumat verdi: "Park ərazisində əlillərin hərəkət etməsi üçün də tədbirlər görüləcək".


N.Məcidovun bir neçə aydan sonra Dənizkənarı Bulvar İdarəsinin əlavə gəmilərin gətiriləcəyini də bildirdi: "Bulvar ərazisində təhlükəsizliyin təmin olunması məqsədi ilə 8 yerdə nəzarət kameraları quraşdırılıb. Kameraların sayı artırılacaq. Həmcinin Bulvar İdarəsində xüsusi mühafizə xidməti işçilərinin təlimlərə başlanıb. 30-a yaxın əməkdaşımız isə \"Eurovision\" mahnı müsabiqəsi ilə əlaqədar ingilis dili kurslarına cəlb olunub".


N.Məcidov bayram günlərində süni qiymət artımının qarşısını almaq məqsədi ilə nəzarəti gücləndirəcək: \"Bazar iqtisadiyyatı ilə əlaqədar qiymətlərə birbaşa təsir edə bilmirik. Ancaq bacardığımız qədər bunun qarşısını almağa çalışacağıq\".