Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni ofisinin açılış mərasimi olub. SİA-nın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, gənclər və idman naziri, Azad Rəhimov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, millət vəkilləri və bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
İlk olaraq mərasimdə Yeni Azərbaycan Partiyası tərəfindən ölkə prezidenti İlham Əliyevin yubileyi münasibətilə hazırlanan, dövlət başçısının həyat və fəaliyyətindən bəhs edən kitabın təqdimatı olub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi millət vəkili Əli Əhmədov qeyd edib ki, bu ofisin açılması əlamətdar bir günə təsadüf edir: "Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu gün doğum günü, yubileyidir. Cənab prezidentin 50 yaşı tamam olur. Biz də bu münasibətlə cənab prezidentə ən səmimi arzularımızı çatdırırıq, cansağlığı diləyirik, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycanın gəncləri ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyir. Onun ətrafında sıx birləşiblər. Gənclik əslində yenilik deməkdir. Yeniliyin önündə gedən gənclərdir, bu mənada prezidentimizin siyasətini qətiyyətlə dəstəkləyən gənclərdir.
Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının ətrafında birləşiblər. Partiyanın Gənclər Təşkilatının yeni ofisinin əlamətdar günə təsadüf etməsini onlar həmişə xatırlayacaqlar. Bu da gənclərin üzərinə daha da böyük məsuliyyət qoyur. Onlar həm bu günün, həm də bu qədər dəyərli insanların iştirakı ilə yeni ofisin açılışının məsuliyyətini həmişə dərk edəcəklər".
Gənclər və idman naziri Azad Rəhimov da ofisinin açılışının önəmli bir günə təsadüf etdiyini bildirib: "Hamımız bir yerdə gözəl bir günü, anı yaşayırıq. İnanırıq ki, bu ofisdə gözəl layihələr həyata keçiriləcək. Gənclərin daimi məkanına çevriləcək. Onlar yeni-yeni ideyalarla, təkliflərlə çıxış edəcəklər. Biz də onları daim dəstəkləyirik. Bizim ölkəmiz gənc bir ölkədir, 66 faizi 35 yaşına qədər olan insanlardır, 200-dən artıq gənclər təşkilatları fəaliyyət göstərirlər. Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı siyasi bir təşkilatdır. Bu, ilk öncə liderlik məktəbdir. Buraya toplaşan gənclərin işi siyasətlə bağlıdır, ictimai işlə bağlıdır və sözsüz ki, biz də nazirlik olaraq bunu dəstəkləyirik. İnanıram ki, gənclər bayrağımızı, ulu öndərin adını, azərbaycançılığı dünyanın hər bir yerində layiqincə təmsil edəcəklər.
Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi həmişə Azərbaycan siyasətində öz sözünü deyib, və bu gün də Gənclər Birliyi Azərbaycan gənclər hərəkatının önündədir: "Həm sayına, həm də keyfiyyətinə görə irəlidədir. Gənclər Birliyi Azərbaycan gənclər siyasətinin aparıcı qüvvəsidir. Bu gün gənclərin formalaşmasını stimullaşdıran, istedadlı gəncləri ortaya çıxaran, müxtəlif sahələrə onları yönəldən rəhbər şəxslərin bir çoxu bu təşkilatın "şinel"indən çıxmış insanlardır. Gənclər Birliyinə uğurlar, mübariz, aktiv olmağı diləyirəm. Onlar Azərbaycanın haqq səsinin beynəlxalq arenada çatdırılmasında daha da fəal olaraq öz fəaliyyətlərini ortaya qoyacaqlar".
Yeni Azərbaycan Partiyası Gənclər Birliyininin sədri Seymur Orucov Gənclər Birliyinin yeni yaradılan internet saytı haqqında məlumat verib.
Daha sonra qonaqlar ofisdə yaradılan şəraitlə tanış olublar.