MSK-nın növbəti iclası keçirilib

23 Dekabr 2011 17:39 (UTC+04:00)

Bu gün Mərkəzi Seçki komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda MSK-nın 9 dekabr 2011-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, seçki komissiyası katibliyinin strukturu və ştat vahidliyinin yenidən təsdiq edilməsi və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Əvvəlcə yekdil səslə 9 dekabr 2011-ci il tarixli iclas protokolu komissiya üzvlərinin iştirakı ilə təsdiq edilib. İclasda çıxış edən Mərkəzi Seçki komissiyasının (MSK) sədri Məzahir Pənahov əsas diqqəti seçki komissiyası katibliyinin strukturu və ştat vahidinin yenidən təsdiq edilməsinə çəkərək, prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamı diqqətə çatdırdı. Qeyd olundu ki, MSK nəzdində seçkilər İnformasiya Mərkəzi bundan sonra qurumun katibliyinə tabe edilib. Bununla da MSK katibliyinin bilavasitə tabeliyində fəaliyyət göstərəcək mərkəzin nəzdində monitorinq şöbəsinin yaradılması qərara alınıb. MSK sədri komissiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün 2 şöbə, 3 sektorun yaradıldığını bildirdi: "İnformasiya təminatı şöbəsinin, Redaksiya və nəşr şöbəsi, Mətbuat şöbəsinin isə Media və ictimai əlaqələr şöbəsi adlandırılması barədə qərar qəbul olunub"-deyə sədr sözlərinə əlavə edib.