Qənirə Paşayeva: “Paris bu qərarı ilə ATƏT-in Minsk qrupundakı roluna kölgə saldı” - AÇIQLAMA

22 Dekabr 2011 20:29 (UTC+04:00)

Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun qəbul etməsi çox ağır, acı təəssüf doğurur. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, qanunun qəbulu tək Türkiyə-Fransa deyil, eyni zamanda Azərbaycan-Fransa münasibətlrinə də təsir edəcək: "Azərbaycan xalqı türk kökənli millət olaraq bu iftiranı, yalanı, böhtanı qəbul etməyib və etməyəcək. Bizim millətimiz tarix boyu heç bir xalqa qarşı soyqırım törətməyib. Fransa Əlcəzair və Ruanda da törətdiyi soyqırımı müzakirə etsə daha yaxşı olar. Qəbul olunan qərar bizi ciddi şəkildə narahat edir".

Q.Paşayeva qeyd edib ki, Fransa bu qərarı durdurmasa, Azərbaycan-Fransa münasibətlərinə, əsasən də Minsk qrupundakı fəaliyyətinə xələl gətirəcək: "Azərbaycan cəmiyyətində olduğu kimi, siyasi dairələrdə də Fransanın bu addımı hiddətlə qarşılanıb. Fransa parlamenti bütün türk dünyasına qarşı qərəzli adım atıb. Paris bu qərarı ilə ATƏT-in Minsk qrupundakı roluna kölgə saldı. Heç bir azərbaycanlı bundan sonra inana bilməz ki, Fransa Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşa bilər. Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Fransanın həmsədr kimi neytral və obyektiv mövqe nümayiş etdirməsi mümkün ola bilməz. Fransa parlamenti bu yalanı qəbul etməklə tərəf olduqlarını nümayiş etdirdi. Əgər Fransa prezidenti Nikola Sarkozi bu yalan qanunu qəbul edərsə bu çox ciddi fəsadlar yaradacaq".


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri