Əhmədinejad əli şiə müsəlmanların qanına batmış qardaşını qucaqlayacaq - ANALIZ

22 Dekabr 2011 19:43 (UTC+04:00)

İran prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Ermənistana rəsmi səfər edəcək. İRNA-nın yaydığı məlumata görə, bunu Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib. O bildirib ki, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçirilir. Diplomat xatırladıb ki, səfər əslində bir neçə ay əvvəl gerçəkləşməli idi. Lakin imzalanacaq sənədlər hazır olmadığından təxirə salınmışdı. Q. Arakelyan səfərin ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcəyini söyləyib.


Robert Köçəryanın etirafı


Son vaxtlar Azərbaycanın artan beynəlxalq nufuzu, BMT TŞ-da üzvlüyümüz, iri həcmli yeni qaz sazişləri, görünür İranı qıcıqlandırıb. Ona görə də, İranın Ermənistanı gücləndirmək siyasəti daha da yüksək səviyyədə davam etdirilir.


Qəribədir ki, İran rəsmiləri Azərbaycanı tənqid edəndə İsrail-Azərbaycan əlaqələri amilini qabardırlar. Lakin, bu bir bəhanədir. Əvvəla, Azərbaycan İsrail ilə əlaqələri heç bir dövlətə qarşı problem yaratmır. İkincisi, İran konkret olaraq Azərbaycan torpaqlarını işğal edən, müsəlmanlara qarşı soyqırım həyata keçirən Ermənistanı tam müdafiə edir və bu ölkə ilə sıx şəkildə həm hərbi, həm iqtisadi, həm də siyasi əlaqələri var.


Azərbaycanın İsraildə səfirliyi belə yoxdur. Amma İranın İrəvanda səfirliyi fəaliyyət göstərir. İki dövlət arasında çox sıx siyasi, iqtisadi, hərbi əməkdaşlıq var. Görünən odur ki, İran Ermənistanı gücləndirmək üçün bütün vasitələrə əl atır. Bu baxımdan da İranın Azərbaycan Respublikasına yönəlik ittihamları gülüncdür.


İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibəti ümumiyyətlə, faciəvi məntiqsiz və ziddiyyətlidir. Hətta Qarabağ müharibəsində İran Ermənistan aktiv dəstək verirdi. 1993-cü ildə, savaşın qızğın vaxtında Ermənistan prezidenti Robert Köçəryan parlamentin iclasında bunu belə ifadə etmişdi: Əgər İran 3-cə gün yardımlarını dayamdırsa Ermənistan nəinki müharibədə məğlub olar, hətta tamam məhv olar. Məncə əlavə şərhə ehtiyac yoxdur.


Molla rejiminin təxribatları


Azərbaycanı Qarabağ problemini həll etməməkdə, bu məsələdə Qərbdən asılı olmaqda ittiham edən rəsmi Tehran münaqişənin tənzimlənməsi kontekstində Azərbaycanın ərazi bütövlüyü prinsipini axırıncı dəfə nə zaman xatırladığını deyə bilməz.


Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı bütün dünya Ermənistana müraciət etdiyi halda İranın belə müraciətə gücü çatmadı. İndi isə İranın Azərbaycandakı təbliğat maşını bu milli qəhrəmanın adı ilə utanmadan möhtəkirlik edirlər.


Ümumiyyətlə, İran İslam Respublikasının müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar.


Tehran indi öz gücünə müvafiq bildiyi işlə- 30-40 məktəbliyə hicab geyindirməklə məşğuldur. İran Azərbaycan gənclərini təhsil adı altında İrana aparıb ideoloji cəhətdən Azərbaycana qarşı hazırlayır.


Bu günə kimi İran-Azərbaycan münasibətlərində əsaslı gərginliyin yaranmamasında Azərbaycanın xoşməramlı siyasətinin böyük rolu olub: "Azərbaycan rəsmi Tehranın ölkəmizin daxili və xarici siyasətinə müdaxilə cəhdlərinə çox təmkinlə yanaşıb və gərginliyin yaranmasından yayınıb.


Baxmayaraq ki, İran çox zaman Azərbaycanın daxilində təxribatçı fəaliyyəti üçün şiə məzhəbi amilini önə çəkməyə çalışıb. Amma nədənsə özünün xarici siyasətində Azərbaycan torpaqlarını işğal etmiş və 1 milyon azərbaycanlını ev evlərindən didərgin salmış Ermənistanla ticari, siyasi və hərbi əlaqələri genişləndirməyi, şiə müsəlmanların qanına qəltan edən erməni terrorçularına dəstək verməyi özü üçün ayıb saymayıb.


İran-Ermənistan hərbi əməkdaşlığı


Tehranın yüksək səviyyəli hərbçiləri Ermənistana hərbi yardım edərək bizə düşmən olan ölkənin hava hücumundan müdafiə sistemlərini təkmilləşdiriblər. Hava hücumu sahəsində Ermənistan və Azərbaycanda eyni sistemin mövcudluğu qarşı tərəfdə qorxu yaradırdı. Bu səbəbdən də düşmən ölkə bütün səylə hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə başlayıb və bu işdə Ermənistanın köməyinə İran çatıb.


Lakin Tehranla İrəvanın bu işbirliyinin üstünü 2009-cu il iyulun 15-də baş verən təyyarə qəzası açıb. Məlum olub ki, qəzaya uğrayan təyyarədə ikisi erməni olmaqla, 12 nəfərdən ibarət hərbçi qrupu olub. Təyyarədə olan mütəxəssislər İslam İnqilabı Keşikçiləri Ordusunun hava hücumundan müdafiə hissələrində xidmət ediblər. \"Bu ordu İranda prezidentə deyil, dini lider, milliyyətcə azərbaycanlı olan Seyid Əli Xomneyiyə tabedir. Həmin hərbçilərin əsas məqsədi də Ermənistanın zenit və radar sisteminin koordinatorlarını dəyişmək olub.


İran tərəfi Dağlıq Qarabağı mavi yanacaqla təmin etməklə, hər zaman ermənilərə dəstək olacağını sübut edib. Tehran nəinki separatçı Dağlıq Qarabağ rejimi ilə, həmçinin Ermənistanla da xüsusi münasibətlər qurur. İranın özündə neftayırma zavodlarına böyük ehtiyac olduğu halda, rəsmi Tehran Ermənistanda belə bir zavod tikməyə qərar verib. Baxmayaraq ki, Ermənistanda 1 nəfər də olsun neft mütəxəssisi yoxdur. Əslində İran bütün bunları etməklə, Ermənistanı Azərbaycandan güclü dövlətə çevirmək istəyir.


İran bu hərəkətlərilə Ermənistanın Azərbaycana qarşı müharibəyə başlamasını istəyir. Tehran aktiv şəkildə Ermənistanı müharibəyə sövq edir və bununla İran Azərbaycanı zəiflətmək və regionda söz sahibi olmaq niyyətindədir.Azərbaycanın hər zaman haqqı var idi ki, bu məsələni qaldırsın. Amma Azərbaycan bunu etməyib. Biz farslarla tarixən qonşu olmuşuq, mədəniyyət və tarix baxımından bağlılıqlarımız var. Bu baxımından Azərbaycan İrana münasibətdə müəyyən mənada güzəştli siyasət yürüdüb. Halbuki, İran bunu lazımınca qiymətləndirməyib.


İranda hələ də Azərbaycanın müstəqilliyi ilə barışmaq istəməyənlər var. Bundan başqa, Azərbaycanın nüfuzunun artması İrandakı azərbaycanlıların milli özünüdərk prosesini sürətləndirir. Amma İran rejimi öz dilində təhsil almaq istəyən insanları həbsə atır, onlara ağır işgəncələr verir, öldürür, çünki molla rejimi orta əsr düşüncəsindən qurtulmayıb.


İran Azərbaycanın güclənməsini istəmir


Tehran Azərbaycanın getdikcə güclənməsini heç cür həzm edə bilmir və ölkəmizdəki qulbeçələri vasitəsilə daxili qarşıdurma yaratmaqla dövlətimizi zəiflətmək istəyir. BMT Təhlükəsizlik Şurasına üzvlüyümüz isə molla rejiminin heç xoşuna gəlməyib.


İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır.


Belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə zərbə vurur. Cənub qonşumuz müsəlmanlıqdan danışmazdan öncə, din qardaşlarını soyqırıma məruz qoyan, torpaqlarını işğal edən xristian dövlətə yardımlarını dayandırmalıdır.


Yaxşı olardı ki, onlar öz ölkələrində mövcud olan dözülməz şəraitdən, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından, son zamanlar İranın qarşılaşdığı digər problemlərdən danışaraq nöqsanları aradan qaldırmağa çalışsınlar.


Hər 8 saatda bir insanın asıldığı molla rejiminin rəsmilərinin, din xadimlərinin dünyəvi, demokratik qanunlarla idarə olunan ölkənin daxili işlərinə qarışması məntiqəuyğun deyil.


Fars-erməni qardaşlığı


İran rəhbərliyinə sual etmək lazımdir ki, əgər siz doğrudan da müsəlman təəssübkeşisinizsə, niyə bir dəfə də olsun Ermənistandan bizim işğal altında qalan torpaqlarımızın azad olunmasını, məscidlərimizin dağıdılmasının qarşısının alınmasını tələb etməmisiniz?


Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?


Ermənistanla ən yaxın əlaqələr quran, Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər?


Burada bir məqama da toxunmamaq olmaz. İranın da üzv olduğu İslam Konfransı Təşkilatının qəbul etdiyi \"Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda\" adlı qətnamədə qeyd olunur ki, İKT üzvü olan bütün dövlətlər təcavüzün nəticələri aradan qaldırlanadək, öz siyasi, iqtisadi və digər imkanlarından istifadə etməklə işğalçı dövlətə təzyiq göstərməlidirlər.


Lakin görünən odur ki, İran bu qətnaməyə imza atmasına baxmayaraq, orada qeyd olunan prinsiplərə riayət etmir, əksinə Ermənistanla siyasi, iqtisadi, hətta hərbi əlaqələri getdikcə gücləndirir.