Bir qədər öncə Fransa parlamenti qondarma \"erməni soyqırımı\" ilə bağlı qanun qəbul edib. Fransa Parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-i əleyhinə səs verib. Xatırladaq ki, dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma \"erməni soyqırımı\"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Senat fransız "demokratiya"sının iç üzünü sənədli şəkildə ortaya qoydu
Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma \"erməni soyqırımı\"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Bu isə insan hüquq və azadlıqlarına zidd olmaqla yanaşı tarixə və başqa xalqlara qərəzli yanaşmanın gəstəricisidr.
Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Halbuki, tarixi sənədlər və faktlar bunun yalan olduğunu təsdiq edir. Buna baxmayaraq, erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma \"soyqırım\"ı tanıyıblar.
Məlum olduğu kimi, bu ölkə parlamentinin aşağı palatası sayılan Milli Assambleya dekabrın 19-da keçirilən iclasında qondarma \"erməni soyqırımı\"nı inkar edən vətəndaşların cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun təklifini qəbul edib.
Fransa Sosialist Partiyasının təşəbbüsü ilə irəli sürülən qanun təklifi Assambleyada 106 deputat lehinə, 19 nəfər isə əleyhinə səs verməklə qəbul olunub. Qərarın qanuni qüvvəyə minməsi üçün onu Fransa parlamentinin yuxarı palatası olan Senat da təsdiqləməli idi. Dünən isə Senatda bu qanun qəbul edilib.
Senat qanun təklifini dəstəkləyəndən sonra Fransada heç bir qurumun həmin təklifin qarşısını almağa səlahiyyəti çatmır. Hətta ölkə prezidenti də veto hüququna malik deyil. Milli Assambleyanın dəstəklədiyi qanun təklifində qondarma erməni soyqırımını rədd edən istənilən şəxsə 1 ilədək həbs cəzası nəzərdə tutulur. Qondarma soyqırımı inkar edənlər yalniz 45 min avro həcmində cərimə ödəməklə də bu cəzadan yaxa qurtara bilərlər.
Sarkozi insan hüquqlarını erməni səslərinə qurban verdi
Məlumat üçüm qeyd edək ki, Fransada qanunvericilik təşəbbüsünə 2 qurum malikdir. Bunlar hökumət və parlament üzvləridir. Hökumətin parlamentə təqdim etdiyi sənədlər qanun layihəsi, deputatların təşəbbüsü isə qanun təklifi adlanır. Onu da qeyd etmək yerinə düşər ki, 2001-ci ildə Fransa parlamentinin aşağı palatası sözügedən qanun təklifini qəbul etmişdi. Lakin Fransa Senatı qanunu təsdiq etmədiyinə görə sənəd qüvvəyə minməmişdi.
Uzun müddət bu qanunun qüvvəyə minməsindən çəkinən Sarkozi Ermənistana etdiyi son səfərdən sonra qanunun qüvvəyə minməsinə isti baxdığı haqda mesaj vermişdi. Məhz bunun nəticəsidir ki, Fransa prezidentinin Ermənistan səfərindən bir müddət sonra məlum proseslər baş verdi. Ona görə də qanun təklifinin arxasında məhz prezident Nikola Sarkozinin dayandığına şübhə edilmir. Bunun da başlıca səbəbi bəllidir.
Məlumdur ki, növbəti il Fransada prezident seçkiləri keçiriləcək və hazırkı dövlət başçısı Nikola Sarkozi də həmin seçkilərdə iştirak etmək niyyətindədir. Hakimiyyəti dövründə ölkədə heç də müsbət imic qazanmayan, seçkilərdə qələbə qazanması şübhə doğuran Sarkozi məhz ölkəsində yaşayan ermənilərin səsinə sahib olmaqla yenidən prezident seçilmək istəyir. Çünki Sarkozinin birinci dəfə prezident seçilməsində də bu ölkədə fəaliyyət göstərən erməni lobbisinin böyük əməyi olub.
Həmin seçkilər zamanı Fransada yaşayan ermənilər birmənalı olaraq Sarkoziyə səs vermişdilər. Hazırda isə Sarkozi bunun qarşılığını ödəmək məcburiyyətindədir. Ancaq ekspertlər hesab edirlər ki, Fransanın məlum addımı atması bu ölkə üçün heç də xoş gələcək vəd etməyəcək.
Türkiyə-Fransa əməkdaşlığının dayanması Parisə baha başa gələcək
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu sözügedən qanun təklifinin qəbulundan dərhal sonra bildirib ki, bundan sonra Türkiyə Fransaya qarşı adekvat addımlar atacaq. Sənədin qəbulundan dərhal sonra Türkiyə Fransadakı səfiri Təhsin Burcuoğlunu məsləhətləşmələr aparmaq üçün geri çağırıb. Bu barədə CNN Türk telekanalı məlumat verib.
Türkiyənin Fransaya qarşı atacağı adekvat addımlar sırasında mühüm əhəmiyyət kəsb edənlərdən biri Parisin hərbi layihələrdən kənarlaşdılması ola bilər. Türkiyənin kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, bu ölkənin Müdafiə Sənayesi Katibliyinin açdığı və ümumi məbləği 4 milyard dollar olan uzaq mənzilli hava müdafiə sistemi tenderinə fransız firmalarının birbaşa və ya ortaq qatılımına icazə verilməyəcək.
Hazırda sözügedən tenderdə Birləşmiş Ştatlar, Çin və Rusiya ilə yanaşı, İtaliya-Fransa ortaqlığı olan MBDA şirkəti də yarışır. Belə olan təqdirdə isə İtaliya-Fransa ortaqlığı tenderdən kənarda qalacaq. Həmçinin Almaniya-Fransa birgə müəssisəsi olan "Eurocopter" firması, "Tiger" helikopter modelini Türkiyə Əmniyyət Baş İdarəsinə təqdim etməyi düşünür ki, Fransa Baş Assambleyasında məlum qərarın qəbulu Parisi bu bazardan da məhrum etmiş olacaq.
Türkiyənin Fransaya qarşı adekvat tədbirləri sırasında fransızların Ruandada, Əlcəzairdə törətdikləri soyqırımın gündəmə gətirilməsi də var. Elə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da son çıxışında dolayısıyla bu məsələyə toxunub və türkiyəli diplomatların səfər etdikləri hər bir ölkədə Əlcəzair və Ruandada fransızların törətdikləri vəhşilikləri anladacaqlarını bildirib.
Türkiyə adektav tədbirlərə əl atacaq və Fransanın törətdiyi soyqırımları tanıyacaq
Mümkündür ki, Fransa Baş Assambleyasının məlum qərarına cavab olaraq Türkiyə Böyük Millət Məclisi də Fransanın Əlcəzair və digər ölkələrdə törətdiyi soyqırım məsələsini müzakirəyə çıxarsın. Bu isə Paris üçün heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini qəbul etsə, Türkiyə bütün diplomatik vasitələrlə cavab verəcək.
Baş nazirin müşavirinin sözlərinə görə, Fransa Prezidenti Nikola Sarkozinin seçicilərin dəstəyini əldə etməsinə yönəlmiş bu addım ciddi səhvdir. \"Heç bir savadlı siyasətçi belə bir səhvə yol verməzdi\", - o bildirib.
Fransa Senatının bu qanun layihəsini qəbul etməsi Azərbaycanla da münasibətləri gərginləşdirə bilər. Çünki Xocalı soyqırımı qəbul etməyən Fransanın yalançı erməni soyqırımını qəbul etməsi onun Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqeyini göstərir. Qanun layihəsinə etiraz əlaməti olaraq dünən və bu gün Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
"Səs"in məlumatına görə, aksiya iştirakçıları səfirliyin qarşısına toplaşaraq "Sarkozi terrorçu", "Sarkoza faşist", "Sarkozi ermənipərəst və yalançı" şüarları səsləndiriblər. Aksiya iştirakçıları etiraz qətnaməsini səfirliyə təqdim etdilər.
Türk mətbuatının məlumatına görə, sabah bu ölkədə Fransa əleyhinə böyük etiraz aksiyaları keçiriləcək. Sosial şəbəkələrdə yayılan məlumatıara görə, Fransadaki türk diasporu da ciddi etiraz aksiyalarına başlamağı planlaşdırır.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri