Prezident Administrasiyasının rəhbəri: “Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycan dövlətini güclü edən liderlərdir”

22 Dekabr 2011 18:00 (UTC+04:00)

Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. SİA xəbər verir ki, bunu bu gün Gülüstan sarayında tanınmış müəllif Qrem Uilsonun (Graeme Wilson) "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimat mərasimində çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.


Akademik qeyd edib ki, bu baxımdan, milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasını müəyyən edir, ən çətin məqamlarda optimal seçimlər etməyə imkan verir: "Görkəmli filosof Hegel heç də təsadüfən yazmırdı ki, böyük insanlar praktiki və siyasi xadimlər olmuşlar. Onlar işin mahiyyətini bilən, nə lazım olduğunu və nəyin əsl məqamına düşdüyünü başqalarından daha yaxşı anlayan zəkalı şəxsiyyətlər idi.

Bu, həqiqətdir. Məhz ona görə də, bu şəxsiyyətlər məlum mənada tarixi yarada bilirlər və onun özünün yaranmasını gözləmirlər".


Ramiz Mehdiyev vurğulayıb ki, milli dövlətin yaranmasında və inkişafında, milli birliyin təmin edilməsində milli liderin tarixi rolu əvəzedilməzdir: "Çünki o, hadisələrə təsir göstərmək imkanına malikdir. Bütün bu məsələlərin həlli onun biliyinə, şəxsi keyfiyyətinə, inamına və təcrübəsinə əsaslanır. Tarixi təcrübə bunu deməyə əsas verir.

Liderlik zirvəsinə yüksələnlərin taleyi müəyyən xüsusiyyətlərlə səciyyələnir.

I - Buraya dövlətin taleyinin ən ağır, faciəli anlarında tarix səhnəsinə gəlməsi;

II - yeni dövlətçilik tarixinin əsasının qoyulması; inkişafı və möhkəmləndirilməsi;

III - xalqın tam əksəriyyətinin etimadının qazanılması aid edilir".


O qeyd edib ki, milli liderliyin daha bir fərqli xüsusiyyəti - uzaq perspektivlərə hesablanmış, gələcəyin ümummilli inkişaf strategiyasını təqdim edə bilməsi, irəli sürülən ideyaların sonadək reallaşdırılmasıdır. Digər mühüm cəhət - beynəlxalq arenada liderlik xüsusiyyətlərinin etiraf edilməsi, beynəlxalq nüfuzdur.


"Bir qayda olaraq, bütün milli liderlər öz ölkələrinin hüdudları çərçivəsini aşmış, onların fəal təşəbbüsləri və xarici fəaliyyəti beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsirini göstərmişdir. Təqdim edilən kitabda əksini tapan lider obrazı bütün bu meyarları özündə təcəssüm etdirir. Azərbaycan geosiyasi məkanı, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu qlobal güclərin maraqlarının diqqət mərkəzindədir və belə bir dövlətin lideri olmaq daha çətindir. Azərbaycan xalqı 20 il əvvəl öz milli dövlətçiliyini yaratmış və onu ən çətin tarixi mərhələlərdən keçirə bilmiş, zamanın çağırışlarına cavab verərək, yeni yüzilliyin qabaqcıl dövlətləri sırasına daxil olmuşdur", - deyə PA rəhbəri bildirib.


Ramiz Mehdiyev vurğulayıb ki, dövləti və xalqı güclü edən təkcə dövlət qurmaq bacarığı deyil, onu yaşatmaq iqtidarında olan, milli birliyi təmin edən və dünya xəritəsində dövlətinin yerini və mövqeyini qoruyan liderlərdir: "Bütün bu məsələlərin həlli liderin şəxsi keyfiyyətinə, inamına və təcrübəsinə əsaslanır. Bu, inkaredilməz bir faktdır. Azərbaycan xalqı öz tarixi taleyində buna dəfələrlə əminliklə yaşamışdır.

Məlumdur ki, ötən əsrin 90-cı illərin əvvəlində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi böhran vəziyyəti o zaman hakimiyyətdə olan insanların siyasi səriştəsizliyindən irəli gəlirdi".


O xatırladıb ki, daxili çəkişmələr, Ermənistanın ölkəmizə təcavüzü, dövləti idarə edənlərin siyasi naşılığı nəticəsində yaranan fəsadlar dövlət müstəqilliyinin taleyini sual altına almışdı. Ən əsası - xalqı, milləti vahid milli mənafe ətrafında birləşdirə bilən, xalqın tükənməz enerjisini quruculuğa yönəltmək iqtidarında olan liderin yoxluğu idi.


Ramiz Mehdiyev: "90-cı illərin çətin anlarında ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin reallaşmasında və möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində əsas aparıcı tarixi şəxsiyyət idi.

Məhz onun siyasi dühası, iradəsi və xalq üçün fədakarlığı nəticəsində Azərbaycanın yeni inkişaf strategiyası müəyyən edildi və milli maraqları təmin edən yeni daxili və xarici siyasət konsepsiyası qəbul edildi.

Suveren dövlətçiliyin qurulması kimi tarixi missiyanı reallaşdıran Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyini uğurlu və gələcəyi aydın görünən inkişaf yoluna çıxarmışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa edərək, onu sarsılmaz ənənəyə çevirə bildiyinə, dövlətçilik qarşısında misilsiz xidmətləri ilə siyasi liderliyin ali zirvəsi olan ümummilli lider səviyyəsinə yüksəlmişdir.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: azərbaycançılıq ideologiyasını inkişaf etdirməklə "milliliklə dövlətçiliyi" bir-birinə qovuşdurdu. Onların vəhdətini təmin etdi.

Yeni tarixə qovuşan Azərbaycan və müstəqilliyinin ilk 20 illik mərhələsi ən parlaq hadisə olmaqla yanaşı, eyni zamanda bu tarixi yaradan çoxsaylı amillər, ən başlıcası isə - "milli quruculuq və siyasi lider" faktorunu bir daha dərin təhlil etməyi zəruri edir. Yalnız bu halda məlum olur ki, milli quruculuq birbaşa müstəqillik haqda bəyannamədən "öz-özünə" yaranan, fərmanla verilən status olmayıb, siyasi lider - xalq vəhdətinin, mürəkkəb və fədakar milli quruculuq proseslərinin nəticəsidir.

Bu gün dünyada ən uğurlu və dinamik inkişaf etmiş iqtisadiyyata malik olan, çoxmilli birgəyaşayışın tolerant modelinə malik olan Azərbaycan üçün lider və dövlət mövzusu çox önəmlidir. Milli quruculuq və siyasi lider fenomeni - yalnız nəzəri diskussiyaların mövzusu olmayıb, xalqımız üçün müstəqillik tarixinin gerçəkliyə çevrilən faktı və reallığıdır.

Müstəqil qət edilən 20 ilin hər 10 ilində iki tarixi şəxs - ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev - tariximizə uğurlu səhifələr yazan, Azərbaycan dövlətini güclü edən və dünyaya tanıdan milli siyasi liderlərdir".