Bernar Fasye: "Həmsədrlərin gözləntiləri özünü doğrultmayıb" - MÖVQE

22 Dekabr 2011 14:07 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ nizamlanmasındakı ən böyük nailiyyəti sülhün qorunub saxlanması idi. "Armenia Today" saytına istinadən verilən məlumata görə, bunu İrəvanda ATƏT-in Minsk qrupunun səlahiyyət müddəti başa çatmış həmsədri Bernar Fasye deyib. Jurnalistlərin suallarını cavablandıran fransalı diplomat qeyd edib ki, Qarabağ münaqişəsinin hərbi çözüm variantı ola bilməz.


"Müharibə böyük itkilərə gətirib çıxaracaq. Bu isə kiməsə uğur gətirə bilməz. Biz tərəflərə Qarabağ probleminin sülh yolu ilə həllinə kömək etməyə çalışırıq, lakin onların əvəzinə qərar qəbul edə bilmərik. İndi tərəflər arasında qarşılıqlı anlaşma mühiti yaratmaq, xalqları isə sülhə hazırlamaq lazımdır", - deyə o vurğulayıb.


Onun sözlərinə görə, müharibə heç vaxt yaranmış situasiyadan çıxış yolu olmayacaq. "Hətta Azərbaycan üçün də bu məntiqli qərar deyil. Bu müharibədə kimin qalib gələcəyi məlum deyil, amma bu hamı üçün əsl dəşhət olacaq. Yeni müharibə - qaçqınların yeni axını, yeni qan tökülməsi, yeni nifrət dalğası olacaq", deyə Fasye bildirib.


O, Fransa prezidentindən sitat gətirərək qeyd edib: "Ölkələr ünvanlarını dəyişmirlər. Yeni müharibədən sonra da Dağlıq Qarabağ Azərbaycanın mərkəzində olacaq, Ermənistan Azərbaycanın qonşusu olacaq, Azərbaycan isə Ermənistanın. Ona görə də qan tökmək nəyə lazım?".


Jurnalistlər Fasyenin sonuncu cümləsi ilə bağlı bir daha sual veriblər. Fasye isə bildirib ki, "dedikləri siyasət deyil, bu coğrafiyadır, coğrafi baxımdan isə Qarabağ Azərbaycanın mərkəzində yerləşir".


Fasye qeyd edib ki, həmsədrlərin gözləntiləri özünü doğrultmayıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşündə irəliləyiş qeydə alınmasa da, bu o demək deyil ki, hər şey itirilib.