"Amerikada insan hüquqları pozulmur", deyənlərin menyusuna: öz haqqını tələb edən vətəndaşlarına divan tutan ABŞ hökuməti onları insan saymır?
Bütün dünyada guya demokratiya davası döyən ABŞ ikili standartlarını və dünyaya yalnız öz prizmasından yanaşmasını davam etdirir. Məlum olduğu kimi, 1948-ci il dekabr ayının 10-da İnsan hüquqları haqqında ümumi Bəyannamə qəbul edilib. Lakin hələ də bu sənədə qoşulmayan ABŞ-ın dövlət katibi Hillari Klinton nədən həmin Bəyannaməni qəbul edən Azərbaycanın adını da mənfi halda çəkir?
ABŞ İnsan Haqları Bəyannaməsini niyə qəbul etmir?
Hər kəsə aydındır ki, ABŞ-ın rəsmi şəxsləri və beynəlxalq təşkilatların nümayəndələrinin bu tipli açıqlamalarının arxasında heç də insan haqlarını qorumaq deyil, ayrı məqsədlər dayanır. Azərbaycan İnsan hüquqları haqqında Bəyannaməni ratifikasiya edib və Konstitusiyamızda ölkəmizin söykəndiyi insan haqları ilə bağlı prinsiplər ümumi Bəyannamədən irəli gələn müddəaları özündə əks etdirir.
Lakin 1948-ci ildə qəbul edilən və 30 maddədən ibarət olan bu sənəd hələ də ABŞ Konqresi tərəfindən ratifikasiya edilməyib. Bu və ya digər ölkəyə irad tutmaq üçün həmin dövlətin özü gərək nümunə göstərsin. Ancaq təəssüf ki, ABŞ bu barədə nümunə olacaq ölkə sayılmır. Çünki 60 ildən çox vaxt keçsə də, ABŞ Konqresi bu məsələni hələ də rəsmi sənəd kimi qəbul etməyib.
1954-cü ildə ABŞ Senatında müzakirələr gedib və həmin müzakirələr zamanı bu sənədə Senat 5 düzəliş edib. Bu düzəlişlər bütövlükdə sənəddə insan hüquq və azadlıqları ilə əlaqədar sosial, siyasi və s. azadlıqla əlaqədar məsələləri təhrif etdiyinə və sənədin ümumi məğzinə ziyan vurduğuna görə, BMT bu sənədin ABŞ tərəfindən qəbul edilmədiyini birmənalı şəkildə ifadə edib.
ABŞ-da bir sıra QHT-lər Konqresdə bu sənədin ratifikasiya olunmasına çalışmaqdadırlar. Xüsusilə, Vyetnam müharibəsinin getdiyi dövrdə bu sənədin ABŞ tərəfindən qəbul edilməməsi çoxlu sayda insanların müharibədə iştirak etmədiyinə görə həbsinə gətirib çıxardı.
Eyni zamanda, bu gün ABŞ-da sosial hüquqlar uğrunda mübarizə aparan Amerika vətəndaşları həbs edilir. Amma vətəndaşlar bu həbslərə qarşı lazımi səviyyədə beynəlxalq hüquq müstəvisində mübarizə apara bilmirlər. Çünki ABŞ bu sənədə qoşulmayıb.
Bəyannaməyə müvafiq olaraq 1966-cı ildə BMT insan və vətəndaş azadlıqları ilə bağlı 10 pakt qəbul edib. Bu sənədlər dünyanın aparıcı, demokratik ölkələrinin parlamentlərində təsdiq olunub. Amma ABŞ-da bu sənədlərdən yalnız 3-ü ratifikasiya olunub. Birləşmiş Ştatlar nə Uşaq Konvensiyasını, nə Sosial Konvensiyanı, nə də insan hüquqları ilə bağlı digər sənədləri qəbul edib.
Baxmayaraq ki, ABŞ Konstitusiyasında bəzi müddəalarla həmin sənədlər arasında oxşarlıq var, amma yenə də ABŞ Konqresi bu sənədləri ratifikasiya etmir. İndi sual olunur: beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının təməl prinsipləri olan sənədləri qəbul etməyən bir ölkənin başqa ölkələri insan hüquq və azadlıqlarını pozmaqda ittiham etməsi nə dərəcədə məntiqlidir?
Əgər ABŞ da bu sənədlərə qoşulmuş olsaydı, onda bu gün sosial hüquqları uğrunda mübarizə aparan və aksiyalar keçirən ABŞ vətəndaşları atların təpikləri altına salınmazdı və təkcə bir gündə 700 nəfər həbs olunmazdı.
Amerikalıların istismara qarşı etirazları polis gücünə dağıdılır
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, istər xanım Klintonun, istərsə də ABŞ-ın digər rəsmi şəxslərinin bəyanatlarında Azərbaycanın adının mənfi yöndə hallandırılmasında məqsəd heç də insan hüquq və azadlıqlarını qorumaq mənasını kəsb etmir.
Onun fikrincə, belə bəyanatların əsasında yalnız geopolitik maraqlar dayanır və həmin maraqlar naminə Azərbaycanın adı bu cür hallandırılır: "Azərbaycanla Afrikanın totalitar, diktatura və geridə qalmış, heç bir siyasi hüquq və azadlığı olmayan ölkəsini bir sırada göstərmək tam ədalətsizlikdir, qeyri-obyektivdir. Biz bu yanaşmanı qərəzli hesab edirik. Azərbaycanda insan hüquq və azadlıqları konstitusiya müddəaları ilə tam qorunur. Dövlətimiz insan hüquqlarının təminatını özünün ali prinsipi kimi qəbul edir".
Məlum olduğu kimi, son 3 ayda sosial təminatların azaldılmasından, işsizliyin və yoxsulluğun artmasından qəzəblənən amerikalılar küçələrə tökülüb hökumətə qarşı mübarizəyə başlayıblar. Artıq 3 aydır ki, ABŞ-ın iri şəhərlərinin küçələri kütləvi etiraz dalğası altındadır.
ABŞ-da korporasiyaların "ifrat mənfəətlərinə, tamahına və acgözlüyünə" qarşı hərəkat genişlənir. Bostondan Los-Ancelesə kimi onlarla iri şəhərdə küçələrə çıxan nümayişçilər indiki maliyyə sisteminə, kapitalistlərin adi vətəndaşlar hesabına varlanmasına etiraz edirlər. Onlar hesab edirlər ki, 1 faizin tamahına, korrupsiyasına dözməyən 99 faizdirlər. Etirazçılar deyirlər ki, korrupsiyadan varlanan əhalinin 1 faizidir. Onlar isə qalan 99 faizə daxildirlər. ABŞ vətəndaşları ölkənin ümumi sərvətlərinin 90 faizinin, əhalinin 1 faizini təşkil edən iri kapitalistlərin əlində cəmləşməsinə etiraz edirlər. Amerikan polisi isə sadə vətəndaşların etirazlarını polis gücünə dağıdır, öz haqqını tələb edən insanları həbsə atır, hər kəsi elektron izləmə sistemləri vasitəsilə nəzarətdə saxlayır.
ABŞ-da insan hüquqları və ya sosial durum niyə pisləşir?
Varlılarla kasıblar arasında fərqə görə ABŞ hazırda Qərbin bütün inkişaf etmiş ölkələrindən qabaqdadır. Bu fərq son onillərdə ABŞ-da rekord həddə çatıb. Bununla bağlı maraqlı statistikanı nəzərinizə çatdıraq;
· ABŞ əhalisinin 1 faizi ABŞ-ın bütün var-dövlətinin 90 faizinə sahibdir.
· ABŞ əhalisinin ən kasıb 40 faizinin payına ABŞ-ın var-dövlətinin 0,3 faizi düşür.
· 1 faiz kapitalistin sərvəti 50 faizlik orta sinifin ümumi sərvətindən 8 dəfə çoxdur.
· Amerikada ölkə əhalisinin yarısı bank əmanətlərinin cəmi 1%-nə sahibdir.
· 20 il ərzində Amerikada yoxsulların sayı 3 dəfə artaraq 50 milyona çatıb.
Nobel Mükafatı laureatı Paul Krugman deyir ki, 1979-cu ildən 2005-ci ilə kimi ev sahibi olan orta amerikalının gəliri 13 faiz artıbsa, amerikalıların ən varlı 0,1 faizinin gəlirləri 296 faiz artıb. Amerika əhalisinin 50 milyon nəfəri tibbi sığortadan məhrumdur. Əgər nəzərə alsaq ki, Amerikada tibbi xidmət pulludur və olduqca bahalıqdır, onda tam mübaliğəsiz demək olar ki tibbi sığortadan məhrum 10 milyonlarla amerikalı faktiki olaraq ölümə tərk edilmişdir.
Kapitalizmin flaqmanı olan bu ölkədə əhalinin 30-35%-nin öz evi yoxdur və onlar dünya üzrə ən bahalı qiymətlərlə kirayələrdə yaşamağa məcburdurlar. Amerikanların əmək haqqının yarısı kirayəyə, 25 faizi də kommunal ödəmələrə sərf olunur. Qalan cüzi vəsait isə normal yaşamağa kifayət etmir.
On milyonlarla insanın aclıq həddində yaşadığı Amerikada varlı təbəqə hər il 55-60 milyard dollar pulu ancaq qumarxanalarda xərcləyir, hər il it-pişik yemlərinin alınmasına 12-20 milyard dollar vəsait sərf olunur. Amerikalı zənginlər porsiyası 1000 dollara başa gələn dondurmalar yeyir, bir cüt qədəhi 100 min dollardan 1 milyon dollara qədər qiymətlərə satılan, içərisinə brilyant qaşlar atılmış şərab içir, gecəsi 2-3 min dollara başa gələn bahalı mehmanxanalarda gecələyirlər.
Bütün bu kapitalist azğınlıqlarının fonunda isə milyonlarla yoxsul amerikalı qidasızlıq ucbatından öz bədənini qanla təmin edə bilmir. Proqnozlara görə 2015-ci ilə qədər qan çatışmazlığı ilə qarşılaşan amerikalıların sayı 20 milyon nəfərə çatacaq. Budur Amerikan kapitalizminin, amerikan demokratiyasının gerçək siması, budur "azad Amerika" mifinin dramatik sonu.
Bəs amerikan xalqının pulları hara xərclənir? Bu suala aydınlıq gətirmək üçün bir neçə fakta nəzər salaq. Təəccübləndirici məsələ budur ki, ABŞ hər il dünyanın bütün ölkələri qədər hərbi məsələlər və müharibə üçün pul xərcləyir.
Halbuki, əgər bu pulun yalnız bir hissəsi Amerika xalqının həyat vəziyyətinin yaxşılaşdırılması üçün xərclənsə idi, milyonlarla amerikan yoxsulluq səviyyəsindən də aşağı vəziyyətdən çıxa bilərdi.
Dünyada 243 hərbi müdaxilə etməyə, siyasi səbəblərdən kimisə cəzalandırmağa, hər yerdə hərbi baza yaratmağa böyük vəsaitlər sərf olunur. ABŞ-ın 170 ölkədə 1000-dən artıq bazası var. 700 milyardlıq hərbi büdcə nəyə görə amerikan xalqının cibindən çıxarılır, burası aydın deyil. Nəticədə isə sadə amerikalarıların hüquqları pozulur.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri