\"Yanar bulaq\" -  Dağ Buduq kəndinin sakinlərinə gözdağı bulaq

21 Dekabr 2011 15:03 (UTC+04:00)

Qubanın Yalavanc kəndində kənd sakinləri içməyə su tapmır. Yerin altından çıxan su isə yanır.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, indiyə kimi suyu satın alan kənd sakinləri "Yanar bulaq\"dan yalnız paltar yumağa istifadə edə bilirlər.

Qubanın qışlağı sayılan dənizkənarı Yalavanc kəndində köçəri etnik qruplar yaşayırlar. Dağ Buduq kəndindən köçüb gələn buduqlular uzun illərdir özlərinə dəniz kənarında qumsallığda yaşayış tərzi qurublar. Kimisi heyvandarlıq, kimisi isə tərəvəzçilik və balıqçılıqla məşğul olublar. Suyun tonunu 20 manata satın alan kənd sakinləri uzun illərdir ki, su sarıdan əməlli başlı əziyyət çəkirlər. Kəndin mərkəzində vurulan subarteziyan quyusundan qaz çıxır. Yerin altından çıxan sudan qaz çıxması kənd sakinlərinin marağında deyil.

Məlumat üçün bildirək ki, suda kükürd olduğundan kənd sakinləri bu sudan istifadə edə bilmirlər. Özü-özünə yerin altından çıxan su gecə-gündüz, fasiləsiz olaraq axır. Sudan kənd sakinləri ancaq ərp bağlanmış əşyaların təmizlənməsi üçün istifadə edə bilirlər.


Emin Kərimov