MTN-ə işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pul almaq istəyən şəxslər həbs olunub

20 Dekabr 2011 16:50 (UTC+04:00)

Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıblar.

SİA-nın xəbərinə görə, bu barədə MTN-in və Baş Prokurorluğunun birgə yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan vətəndaşı, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ağacanov Elçin Tapdıq oğlu özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan vətəndaşının (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) etibarından sui-istifadə edərək ona 50 min manat pul müqabilində MTN-ə işə düzəldəcəyi barədə yalan vəd verib. Elçin Ağacanov bu məqsədlə Bakı şəhəri Bayıl qəsəbəsinin ərazisində yerləşən restoranların birində həmin vətəndaşın 50 min manat pulunu ələ keçirməyə cəhd edərkən cinayət başında yaxalanıb.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Cinayət Məcəlləsinin 29, 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, Elçin Ağacanov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

MTN və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Cavadov İlqar Məcnun oğlu ifşa edilib.

Belə ki, Azərbaycan vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciətində göstərib ki, İlqar Cavadov onu MTN-ə işə düzəldəcəyi barədə yalan vəd verib, bunun üçün 80 min manat pul istəyib və aralarında olan sövdələşməyə görə ilkin ödəniş kimi 5 min manat verilməsi barədə razılaşıblar.

Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki kafelərin birində ilkin ödəniş kimi 5 min manat pulu ərizəçidən alarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində İlqar Cavadov cinayət başında yaxalanıb.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, İlqar Cavadov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Elçin Ağacanovun və İlqar Cavadovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə və MTN-in ərazi orqanlarına müraciət etmələri xahiş olunur: Əlaqə telefonları: 440-81-58 və 405-99-99