Misirin Qahirə Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi ilə əlaqədar "Azərbaycan günü" keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Qahirə universitetinin müəllim-tələbə kollektivi, elmi tədqiqatçılar, Misirdə təhsil alan və Afrika, Cənub və Cənub-Şərqi Asiya ölkələrindən olan digər əcnəbi tələbələr iştirak edibər.
Tədbiri giriş sözü ilə açan Qahirə Universitetinin professoru Dr. Əli Moein Azərbaycan və Misir xalqları arasındakı dərin tarixi köklərə malik əlaqələrdən danışaraq, gənc nəslin bu əlaqələr barədə məlumatlandırılmasının vacibliyinə toxunmuş və bu xüsusda universitetində təşkil olunan "Azərbaycan günü"nün praktiki əhəmiyyətini vurğulayıb.
Səfir Şahin Abdullayev çıxış edərək, tədbir iştirakçılarına Azərbaycan xalqının tarixi təşəkkülü, Azərbaycan ədəbiyyatının parlaq nümunələri olan Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin həyat və yaradıcılığı, xalqımızın xalçaçılıq və xalq tətbiqi sənət inciləri, ölkəmizin milli müstəqillik yolu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixində oynadığı rolu və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişafı və əldə etdiyi nailiyyətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar, münaqişənin tənzimlənməsinə dair Azərbaycanın baxışları və respublikamızın regional siyasəti, Heydər Əliyev fondunun fəaliyyəti barəsində məlumat verib.
Azərbaycanın ərəb dünyası ilə əlaqələrindən danışan səfir Ş.Abdullayev zəngin İslam irsi və tarixi əlaqələr əsasında müstəqilliyinin ilk illərindən Azərbaycanın ərəb dünyası ilə sıx münasibətlərinin formalaşdığını və bu xüsusda Misir ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Çıxış edən Qahirə universitetinin professoru Dr. Atef Əbdül Həmid Azərbaycanın tarixən şərq və qərb arasında, sivilizasiyalararası münasibətlərdə və İslam dünyasının tarixində mühüm rol oynadığını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və Misir-Azərbaycan əlaqələrinin dərin tarixi köklərə malik olduğunu qeyd edib. O, Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşdirilməsinə olan zərurəti qeyd edərək onu da əlavə etmişdir ki, məxsus olduqları strateji mövqelərinə görə Azərbaycan Mərkəzi Asiya və Xəzər dənizi hövzəsinə çıxış üçün Misirə, Misir isə Afrika və Yaxın Şərq regionuna çıxış üçün Azərbaycana qapı rolunu oynaya bilər.
Misirdə yaşayan Azərbaycan icmasının nümayəndəsi və gənc elmi tədqiqatçı Seymur Nəsirov ərəb tarixi mənbələri əsasında apardığı elmi tədqiqatın nəticələrini təqdim edərək, XV əsrdə Misirin baş həkimi olmuş və əslən Azərbaycandan olan həkim Fəthullah İbn Nəfis və digərlərinin həyat və yaradıcılığı barəsində məlumat verib.
Tədbir çərçivəsində Seymur Nəsirovun müəllifi olduğu və Azərbaycan Respublikasının Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində yeni çapdan çıxmış "Azərbaycan ərəb və Misir tarixi mənbələrində" adlı kitabın təqdimatı keçirilib.
Növbəti natiq kimi çıxış edən "Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsinin qalibi olmuş misirli gənc xanım Məqda Bəhlul Azərbaycan ilə ilk tanışlığının inşa müsabiqəsinin qalibi kimi bu ilin iyul ayında bu ölkəyə səfəri ilə başladığını deyərək, tarixən müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın ecazkar təbiəti, zəngin mədəniyyəti, özünəməxsus arxitekturası və insanlarının qonaqpərvərliyi ilə onu valeh etdiyini qeyd edib və İslam sivilizasiyasının zəngin irsini bölüşən bu ölkədə fərqli dinlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət əsasında yaşadığını nəzərə çatdırıb.
Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi haqqında film nümayiş olunub və iştirakçılara Azərbaycan haqqında kitablar və digər çap materialları paylanıb.