Elməddin Cəfərov Nura Surinin “saqqızını oğurlamaq\" istəyir - FOTOSESSİYA

17 Dekabr 2011 10:29 (UTC+04:00)

Azərbaycanın tanınmış müğənni-aparıcısı Nura Suri indi də aktrisalığa başlayıb. Müğənninin SİA-ya verdiyi məlumata görə, o, ATV telekanalında nümayiş olunan "Bacanaqlar" teleserialında rol alıb: "Seriala hər zaman baxıram. Olduqca maraqlı və səmimidir. Ailəlikə oturub, rahatlıqla izləmək olar. Serialı bəyəndiyim üçün həmin an razılaşdım".

Nuranın sözlərinə görə, o, seriala çəkilmək təklifini əsas qəhrəman Elməddin Cəfərovdan alıb. Lakin ifacının yaradıcılıq işləri ilə bağlı çəkilişlər uzun zamandır təxirə düşürdü: "Elməddinlə uzun illərdir dostam. Onu çox yaxşı tanıyıram. Bunun üçün razılaşdım. Sadəcə işlərim çoxdur. Amma həvəslə çəkilirəm\".

Müğənni çəkiliş meydançasından da söz açdı: "Çəkiliş təzə başlayıb. Meydançada özümü olduqca yaxşı və rahat hiss edirdim. Rola girmək mənim üçün heç də çətin olmadı. Deyilənləri tez götürürdüm. Rejissoru Ramin Hacıyev olan serialın çəkiliş heyəti ilə olduqca maraqlı anlar yaşadım".

Filmdən ağız dolusu danışan aparıcı-müğənni aldığı rolu da açıqladı: "Serialda milyoner Dollar Memedin qızı Nigarı canlandırıram. Nigar orada əsas qəhrəman Elməddinlə kafedə tanış olur. Elməddin burada mənim, yəni Nigarın "saqqızını oğurlamaq" istəyir".

Müğənni digər işlərindən də danışdı: \"Hazırda "Yeni ulduz" mahnı müsabiqəsini aparıram və bununla yanaşı 3-cü albomum üzərində çalışıram. İşlərim çox olduğu üçün nə burdan, nə də Türkiyədən aldığım təklifləri dəyərləndirə bilmədim. Ancaq ümumilikdə mənə hər zaman filmlərə çəkilmək təklifləri gəlib".

Onu da qeyd edək ki, Nuranın iştirakı ilə çəkilən serial 26 dekabr tarixində nümayiş olunacaq.