Dövlət Sərhəd Xidməti Xəzər dənizində itkin düşənləri tapıb

15 Dekabr 2011 15:57 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq məqsədilə Xəzər dənizində dövlət sərhədini qanunsuz keçməyə cəhd edən cinayətkar qrupun fəaliyyəti aşkarlanıb. SİA-nın verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsinin rəisi, ədliyyə polkovniki Azər İbrahimov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində itkin düşmələri barədə kütləvi informasiya vasitələrində verilən məlumat üzrə Dövlət Sərhəd Xidməti tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində adları məlumatda qeyd olunan şəxslərin ölkə ərazisindən Xəzər dənizinə çıxmamaları müəyyənləşdirilib, onların Samur Keçid məntəqəsindən Rusiya Federasiyası istiqamətində rəsmi qaydada dövlət sərhədini keçmələri məlum olub.

"Dənizdə keçirilən axtarış tədbirləri zamanı qeyd olunan şəxslərin tapılmaması nəzərə alınaraq Dövlət Sərhəd Xidməti tərəfindən Rusiya Federasiyasının Sərhəd Xidməti ilə əlaqə yaradılıb, birgə keçilən tədbirlər nəticəsində 11 dekabr 2011-ci il tarixdə Xəzər dənizində bat-maqda olan şəxslər xilas edilərək rəsmi təhvil alınıb. Həmin şəxslərdən birinin səhhətində ciddi problemlər olduğu üçün xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı müəyyən edilib ki, bir qrup Azərbaycan Respublikası vətəndaşı - Hüseynov Məhərrəm Balaca oğlu, Əhmədov Elman Məcidoviç, Həsənov Ramil Vəliyeviç və Alxasov Dilavər İcrasoviç üzmə vasitələri əldə etmək məqsədi ilə 03 dekabr 2011-ci il tarixdə RF-nın Dağıstan Respublikasına gedib və orada iki ədəd qayıq alaraq Xəzər dənizi ilə Azərbaycana qanunsuz yolla gətirmək qərarına gəliblər. Bu məqsədlə həmin şəxslər 05 dekabr 2011-ci il tarixdə 2 ədəd üzmə vasitəsində açıq dənizə çıxaraq Azərbaycan istiqamətində yola düşüb, D.Abbasov isə rəsmi qaydada AR-na qayıdıb. Lakin kəskin hava şəraiti nəticəsində qeyd olunan şəxslər marşrut üzrə hərəkətlərini itirərək naməlum istiqamətdə itkin düşüb", - deyə Azər İbrahimov bildirib.

Ədliyyə polkovniki həmçinin qeyd edib ki, eyni zamanda qeyd olunan şəxslərin əvvəllər törətdikləri əməllərə görə tərəfmizdən hüquqi məsuliyyətə cəlb olunmaları müəyyən edilib. Belə ki, M.Hüseynov və E.Əhmədov dənizdə sərhəd rejim qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunub, cinayət əməlinin təşkilatçısı D.Alxasov isə 2007-ci ildə Xəzər dənizində qanunsuz hərəkətlərə yol verdiyinə görə məhkum edilıb.

DSX-nin rəsmisi vurğulayıb ki, bununla yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də müsbət nəticələr əldə olunub. Belə ki, 2011-ci ilin dekabr ayının 14-də 2 halda İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb: "Keçirilən əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisindən İrandan-Azərbaycana dövlət sərhədini qanunsuz olaraq keçən 2 nəfər sərhəd pozucusu - İran İslam Respublikasının vətəndaşı 1973-cü il təvəllüdlü Ağai Sasan Səttar oğlu və Azərbaycan vətəndaşı Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Həsənov Fərhad İslam oğlu saxlanılıb, üzərilərinə baxış keçirilən zamanı satış məqsədi ilə Azorbaycana gətirdikləri 1 kq heroin və çoxlu sayda psixotrop maddələr aşkar olunub. "Astara" sərhəd nəzarəti məntəqəsində həyata keçirilən əməliy-yat-axtarış tədbiri nəticəsində İrandan Azərbaycana rəsmi keçərkən Astara rayon sakini 1985-ci il təvəllüdlü İbrahimov Ruslan Gülağa oğlunun üzərində gizlətdiyi 20 qram heroin aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılmış, əməliyyat-istin-taq tədbirləri davam etdirilir."