Təhsil naziri: \"Orta məktəb dərsiklərindəki səhvləri mütəxəssislərlə müzakirə etmək lazımdır\" - AÇIQLAMA

14 Dekabr 2011 17:54 (UTC+04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları bütün illər üzrə doğrudur: \"Mən riyaziyyatçı müəllim kimi istənilən məclisdə sübut edə bilərəm ki, mərkəzləşdirilmiş test imtahanları bütün illər üzrə doğrudur. Çünki bütün metodistlər nəticələri təsdiq ediblər. İlbəil məktəbi əla qiymətlərlə bitirənlərin nəticələri doğrultması göz qabağındadır. Amma başqa adamlar nəyə ümid edirlər, bunu bilmirəm. Şəxsən mənim fikrimcə, imtahanlar Təhsil Nazirliyinin və təhsil sisteminin ümidlərini doğrultmaqdadır".

SİA-nın verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir qeyd edib ki, ötən il şagirdlərin 18-20 faizi attestat ala bilməyib.

Təhsil naziri həmçinin ölkədə orta məktəb dərsiklərindəki buraxılan səhvlərə də münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycanın orta məktəb dərsiklərindəki səhvləri mütəxəssislərlə müzakirə etmək lazımdır.

\"Mən nə biologiya, nə də tarix üzrə mütəxəssisəm. Bu məsələləri şouya çevirməyə ehtiyac yoxdur. Biz dövlət adamlarıyıq. Dövlətin bu sahədə siyasətini həyata keçirən adamlar kimi, bütün məsələləri işi bilən adamlar, mütəxəssislər deməlidir. Yoxsa işi bilməyən adamların nəyinsə səhv, nəyinsə düz olmasını deməsi hesab edirəm ki, qeyri-mümkündür\", - Mərdanov deyə əlavə edib.


Könül Kamilqızı