Millət vəkili: “Ermənistan siyasətçiləri münaqişənin həllinin onlardan deyil, böyük dövlətlərdən asılı olduğunu bildirirlər\"

14 Dekabr 2011 17:38 (UTC+04:00)

"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında əlaqələrin təşkili ilə bağlı məsələlərlə əlaqədar Azərbaycan ictimaiyyətində iki baxış bucağı yaranıb. Birinci nəzər nöqtəsi ondan ibarətdir ki, Azərbaycan tərəfi münaqişənin həllinədək xalq diplomatiyasında iştirak etməyə razıdır, ikinci nəzər nöqtəsi isə razı deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin komitə sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov deyib. Onun sözlərinə görə, Ermənistan siyasətçiləri Azərbaycanın ictimai-siyasi xadimləri ilə söhbət zamanı münaqişənin həllinin onlardan deyil, böyük dövlətlərdən asılı olduğunu bildirirlər.

O, qeyd edib ki, müəyyən qrup icmalar arasında dialoqun Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişin əldə olunması üçün müsbət rol oynaya biləcəyini hesab edir: "Mən özüm də bu fikrin tərəfdarıyam. Çünki Qarabağın hər iki icmasının nümayəndələri arasında görüşlərin keçirilməsini zəruri hesab edirəm. Amma erməni tərəfi xalq diplomatiyasıdan öz tamahkar məqsədləri üçün istifadə edir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın ziyalı təbəqəsinin nümayəndələri, mədəniyyət xadimləri ötən dövr ərzində müəyyən təcrübə əldə ediblər, onlar artıq erməni tərəfinin həqiqi niyyətindən daha çox xəbərdardırlar və buna görə də öz erməni həmkarlarının yalan bəyanatlarına aldanmayacaqlar. Başqa sözlə, ziyalı təbəqəsinin nümayəndələri və mədəniyyət xadimləri bu dövr ərzində erməni tərəfinin psixologiyasını öyrənib, erməni siyasətçiləri və ideoloqlarının hiyləgərliyini dərk ediblər".