2011-2012-ci tədris ilində isə 421 nəfər xaricdə oxumağa göndərilib

14 Dekabr 2011 16:50 (UTC+04:00)

"Müstəqillik dövründə ikitərəfli müqavilələr əsasında Türkiyə, Rusiya, Misir, Çin kimi ölkələrin Azərbaycana ayırdığı təqaüdlər əsasında 2500-dən artıq azərbaycanlı gənc həmin ölkələrin universitetlərində təhsil alıb".

SİA-nın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov nazirlikdə keçirilən kollegiya iclasında bildirib. M. Mərdanov deyib ki, Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil üzrə dövlət proqramının icrasına başlandığı gündən indiyədək 1204 azərbaycanlı gənc Azərbaycanın ehtiyac duyduğu sahələr üzrə dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilib: "Proqram çərçivəsində dünyanın 24 ölkəsinin 200-dək nüfuzlu ali məktəblərində təhsil almaq üçün 2010-2011-ci tədris ilində 275 nəfər, 2011-2012-ci tədris ilində isə 421 nəfər göndərilib".

Onun sözlərinə görə, cari təhsil ilində xarici ali məktəblərdə Azərbaycanın ehtiyac duyduğu prioritet ixtisas sahələri üzrə təhsil alan tələbələrin sayı 853 nəfər olub: "Bu gün müvafiq proqram çərçivəsində məzun olmuş 322 nəfərin müəyyən hissəsi təhsilini növbəti səviyyədə davam etdirir, digərləri isə ölkəmizdə müvafiq dövlət qurumlarında və özəl sektorda uğurla çalışmaqdadır".


Könül Kamilqızı