Azərbaycan dilini öyrənmək istəyən İngilis dilli əcnəbilər üçün unikal vəsait

14 Dekabr 2011 16:40 (UTC+04:00)

Öz fəaliyyətində ölkəmiz üçün bir sıra uğurlu yeniliklərə imza atmış GRBS®-in 2011-ci ildə maraqlı layihələrindən biri də Azərbaycan dilini öyrənmək istəyən ingilis dilli əcnəbilər üçün hazırlayıb nəşr etdiyi "Learn Azerbaijani 1" kitabı oldu. SİA-nın xəbərinə görə, bu kitabın ərsəyə gəlməsində uzun illər əcnəbilər üçün Azərbaycan dilinin tədrisini aparan Nüsrət Şıxbabayev və Səbuhi Yusifov yaxından iştirak ediblər.

Respublikamızın müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etdiyimiz dövrdə bu layihənin müəllifləri bunu bu əlamətdar hadisə üçün böyük hədiyyə hesab edirlər. Müstəqillik qazandıqdan sonra ölkəmiz bir sıra sahələrdə uğur qazanıb. Xüsusən də ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi fonunda ölkəmizdə çoxsaylı xarici şirkətlərin fəaliyyətə başlaması nəticəsində əcnəbilərin ölkəmizdə yaşayıb işləməsinə imkan yaranıb. Son illər həmçinin, təhsil sahəsində xarici münasibətlərin inkişafı nəticəsində ilbəil daha çox xarici tələbə təhsil almaq üçün ölkəmizə üz tutur. Heç şübhəsiz ki, ölkəmizdə işləməyə gələn mütəxəssislərin və oxumağa gələn tələbələrin ilk tələbatlarından biri Azərbaycan dilini öyrənməkdir. Bundan əlavə, ölkəmizdən kənarda bir çox Azərbaycan mədəniyyəti mərkəzləri və Azərbaycan dili kursu və məktəbləri fəaliyyət göstərir ki, bu müəssisələr də dilimizi tədris edir. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarında işləyən xarici vətəndaşların Azərbaycan dilini öyrənməyə ehtiyacı var.

Məhz bunlardan dolayı regionda fəaliyyət göstərdiyi təhsil-tədris xidmətləri üzrə lider və novator təşkilat olan GRBS® Learn Azerbaijani kitabları silsiləsinin çap edilməsi, bu sahədə internet səhifənin yaradılması və digər tədbirlərin həyata keçirilməsi qərarına gəlib. Yenicə işıq üzü görən "Learn Azerbaijani 1" kitabı bu qəbildən olacaq kitablar silsiləsinin 1-ci kitabıdır və ilkin bilik və bacarıqları əhatə edir. Qısa zamanda kitabın 2-ci və 3-cü səviyyələri işıq üzü görəcək. Kitab müasir interaktiv təlim üsullarına əsaslanır və bu qəbildən ilk əsərdir. Əyləncəli metodlarla öyrənmə prinsipinə söykənən əsər dünyanın aparıcı dil tədrisi mərkəzlərində tətbiq olunan metodika əsasında hazırlanıb.

Qeyd edək ki, kitab artıq Bakı şəhərinin bir sıra kitab mağazalarında satışa qoyulub. Kitabı eyni zamanda learnazerbaijani@grbs.com elektron ünvanına müraciət etməklə və ya (+99412) 4371051 telefon nömrəsi ilə əlaqə saxlamaqla birbaşa GRBS®-dən də əldə etmək olar.