Braziliyanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

14 Dekabr 2011 16:26 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı səfiri Paulo Antonio Pereira Pintonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, P. A. Pereira Pinto Azərbaycanda Braziliyanın ilk səfiri olmasından məmnunluğunu ifadə edərək, işlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyib.

Azərbaycanda çalışdığı dövrdə ölkəsi ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən diplomat, Braziliyanın Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, beynəlxalq təşkilatların qətnamə və qərarları əsasında həllinin tərəfdarı olduğunu vurğulayıb.

E. Məmmədyarov P. A. Pereira Pintoya xoş arzularını bildirərək gələcək işlərində ona müvəffəqiyyət arzulayıb.