Konfransda MoMo-nun Almaniya, Polşa, Bolqarıstan, Rumıniya, Çernoqoriya, Ukrayna, Belarus və digər ölkələrdən olan nümayəndələri də iştirak edirlər. Konfrans həmçinin Dünya Bankının "InfoDev" layihəsi, ECAbit (Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsi) və "Mobile Monday" Beynəlxalq Şəbəkəsi tərəfindən dəstəklənir.
Konfrans çərçivəsində həmçinin ilk MoMo Bakı görüşü təşkil olunacaq. Görüşdə yerli İKT şirkətlərinin nümayəndələri, gənc developerlər və bloqqerlər, müxtəlif ölkələrdən MoMo nümayəndələri də iştirak edəcəklər.
Qeyd edək ki, Helsinkidə (Finlandiya) 2000-ci ildə yaradılmış MoMo şəbəkəsi mobil rabitə sənayesinin əsas təmsilçiləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər səlahiyyətli insanlar arasında əməkdaşlıq və biznes imkanları yaradan açıq cəmiyyət platformasıdır. Bakı dünya üzrə MoMo şəbəkəsinə qoşulmuş 123-cü şəhərdir. Azərbaycanda MoMo-nun əsas vəzifəsi yerli və dünya mobil bazarındakı ən son texnologiyaların köməyi ilə ölkənin mobil sektorunda innovasiyaların tətbiq edilməsini və müasir texnologiyalar vasitəsilə yeni layihələrin həyata keçirilməsini təşviq etməkdir. Hər ayın bir bazar ertəsi günü mobil operatorların nümayəndələri, İKT şirkətləri və mobil texnologiyalar üzrə gənc mütəxəssislər qeyri-rəsmi şəraitdə bir araya gələrək, mobil bazardakı ən qabaqcıl trendlər, tədqiqatlar və inkişaf proqnozları ətrafında fikir mübadiləsi aparacaq və ən son mobil texnologiyalardan istifadə etməklə yeni layihələrin yaradılması imkanlarını araşdıracaq.