Mübariz Qurbanlı: "ABŞ insan hüquqları və demokratiya məsələlərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir"

13 Dekabr 2011 15:35 (UTC+04:00)

Biz çox təəssüf edirik ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı açıqlamasında obyektivlikdən uzaq olaraq, Azərbaycanın adını mənfi halda çəkib. SİA-nın verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.


10 dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür. Bu gün 1948-ci ildə insan hüquqları haqqında bəyannamənin qəbulu ilə başlayır. Bu günlə əlaqədar ABŞ rəhbərliyi - prezident və ya dövlət katibi hər il müraciət edir.


2011-ci il dekabrın 9-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə verdiyi bəyanatda ABŞ-ın dövlət katibi Hillari Klinton mənfi nümunələrdən biri kimi Azərbaycanın da adını çəkib.


Qurbanlının sözlərinə görə, ABŞ-ın rəsmi şəxsləri və ya başqa beynəlxalq təşkilatların nümayəndələrinin bu tipli açıqlamalarının arxasında heç də insan hüquqlarını qorumaq deyil, başqa məqsədlər dayanır: "Azərbaycan İnsan hüquqları haqqında Bəyannaməni ratifikasiya edib. Konstitusiya qəbul ediləndə də Azərbaycanın söykəndiyi insan haqları prinsipləri ümumi bəyannamədən irəli gələn müddəaları özündə əks etdirib. Bu və ya digər ölkəyə irad tutmaq üçün həmin dövlət gərək bu məsələlərlə əlaqədar özü nümunə olsun. ABŞ bu sahədə nümunə göstəriləcək ölkə sayılmır. Çünki 1948-ci ildə qəbul edilən İnsan Haqlarına dair Bəyannaməni ABŞ indiyədək ratifikasiya və rəsmi sənəd kimi qəbul etməyib".


YAP rəsmisinin sözlərinə görə, sual olunur ki, beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının təməl prinsipləri olan sənədi qəbul etməyən bir ölkənin başqa ölkələri insan hüquq və azadlıqlarını pozmaqda ittiham etməsi nə dərəcədə məntiqlidir?


"Əgər ABŞ da bu sənədlərə qoşulmuş olsaydı, onda bu gün sosial hüquqları uğrunda mübarizə aparan və Nyu-Yorkda aksiyalar keçirən ABŞ vətəndaşları atların təpikləri altına salınmazdı və bir gündə 600 nəfər həbs olunmazdı", - o deyib.


M.Qurbanlı hesab edir ki, ABŞ insan hüquqları və demokratiya məsələlərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Məqsəd Azərbaycanın bölgədə yürütdüyü müstəqil xarici siyasətə təsir göstərməkdir.


Millət vəkili onu da qeyd edib ki, bu, YAP-ın deyil, onun şəxsi mövqeyidir.