Vüqar Həşimov gümüş mükafatla kifayətləndi

13 Dekabr 2011 13:14 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Pekində Ümumdünya intellektual oyunları çərçivəsində sürətli şahmat üzrə keçirilən yarışlar başa çatıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan qrossmeysteri Vüqar Həşimov kişilərin turnirində gümüş medal qazanmaqla kifayətlənib. 7 mümkün xaldan 5 xal toplamış V.Həşimov Gündoğar ölkənin nümayəndəsi Van Xaodan yarım xal geri qalıb. Son turda qara fiqurlarla oynayan Azərbaycan şahmatçısı fransız Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb. Amerikalı Qata Kamski 4,5 xalla bürünc medal qazanıb. Oyunların ikinci azərbaycanlı iştirakçısı Şəhriyar Məmmədyarov turniri 3,5 xalla başa çatdıraraq yeddinci sırada yer alıb. Keçmiş dünya çempionu rusiyalı Aleksandra Kostenyuk qadınların turnirində rəqiblərindən xeyli önə çıxaraq planetin ən güclü şahmatçılarından biri statusunu yenidən təsdiqləyib. İkinci yeri tutmuş ukraynalı Katerina Laqno qalibdən yarım xal geri qalıb. Gürcü Nana Dzaqnidze və çinli Tszyuy Ventszyun hərəyə 4,5 xal toplayaraq müvafiq surətdə 3-cü və 4-cü yerləri tutublar. Kişi və qadın turnirləri İsveçrə sistemi üzrə 16 şahmatçının iştirakı ilə keçirilib. Bazar ertəsi Pekində şahmat proqramının ikinci növündə - blitsdə medallar dəsti oynanılacaq. Yarışlar dairəvi sistem üzrə 15 turda keçiriləcək.