Fövqəladə hallar naziri Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibinin müavinini qəbul edib

12 Dekabr 2011 15:36 (UTC+04:00)
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibinin müavini Vladimir Kuvşinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı K. Heydərov qonağa FHN-in strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb. Öz növbəsində, V. Kuvşinov FHN-in fəaliyyətini yüksək qiymətləndirib, BMMT tərəfindən keçirilən tədbirlərdə nazirliyin əməkdaşlarının iştirakını alqışlayıb, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Görüşdə gələcəkdə birgə əməkdaşlıq planının hazırlanması perspektivləri də müzakirə olunub.