Heydər Əliyevin mətbuatın inkişafında xüsusi rolu olub - FOTOSESSİYA

12 Dekabr 2011 15:25 (UTC+04:00)

Ulu öndər Heydər Əliyev müstəqil mətbuatın inkişafında xüsusi tol oynayıb. Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, azad sözün, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. SİA-nın verdiyi məlumata görə, bunu ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı \"Səs\" qəzetinin redaksiyasında keçirilən tədbirdə Baş redaktor Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə verdiyi qiymətin təzahürüdür. Dahi liderin müstəqil mətbuata göstərdiyi qayğı sayəsində kütləvi informasiya vasitələrinin (KİV) sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşması istiqamətində rolu artıb.

B.Quliyev ümummilli lider Heydər Əliyevin \"Səs\" qəzetinə verdiyi qiymətdən danışıb, ulu öndərin ümumilikdə mətbuat üçün gördüyü əvəzsiz işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.