Düşənbədə “Azərbaycanın yeni tarixində dərin iz qoyan insan” kitabı rus və ingilis dillərində nəşr olunub

11 Dekabr 2011 18:50 (UTC+04:00)

Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycanın yeni tarixində dərin iz qoyan insan" kitabı rus və ingilis dillərində çap olunub. Kitabın təqdimat mərasimi keçirilib.

Mərasimdə Tacikistanın Xarici İşlər Nazirliyinin, Düşənbədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların əməkdaşları, Azərbaycan diasporunın fəalları, elm, mədəniyyət xadimləri, ziyalıları və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən söhbət açıb. O deyib ki, Heydər Əliyev sözün əsil mənasında Azərbaycanın yeni tarixini yazıb və bu böyük siyasətçini müasir Azərbaycan dövlətinin memarı və qurucusu adlandıranlar heç də səhv etmirlər.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin dünya şöhrətli siyasətçi kimi xarakterizə edib, onu fenomen şəxsiyyət adlandırıblar.

Bildirilib ki, kitab Tacikistanın xarici İşlər Nazirliyi və digər dövlət qurumları, səfirlik və beynəlxalq təşkilatlar, ziyalılar, Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri arasında yayılıb.

Sonra ulu öndər haqqında sənədli film nümayiş etdirilib.