ADU-da Çinşünaslıq ixtisası açılacaq

9 Dekabr 2011 18:10 (UTC+04:00)

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə görüşüb. SİA-nın xəbərinə görə, Səməd Seyidov iki ölkə arasındakı münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

Rektor Azərbaycan-Çin münasibətlərinin inkişafında səfirin rolunu yüksək qiymətləndirib və onu əvəzləyəcək səfirin də bu münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsinə xidmət edəcəyinə əmin olduğunu deyib. Çin universitetləri ilə Azərbaycan Dillər Universitetinin çox səmərəli əməkdaşlıq etdiyini bildirən rektor Səməd Seyidov ən güclü və davamlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılmasında olduğunu bildirib. S.Seyidov yeni tədris ilindən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Çinşünaslıq ixtisasının açılmasının nəzərdə tutulduğunu deyərək fakültədə çin dilinin tədris olunacağını bildirib. Bu məqsədlə Çindən mütəxəssis müəllimlərin dəvət olunmasını istisna etməyib.

Bu istiqamətdə Çinin bir sıra mədəniyyət mərkəzləri, institutları ilə əməkdaşlıqda, birgə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirdi. ADU-da dünyanın aparıcı ölkələrinin dil və mədəniyyət mərkəzlərinin olduğunu deyən Səməd Seyidov ADU-da Çin mərkəzinin açılacağını da vurğulayıb.

Səfir Çjan Yannyan ADU və Çinin universitetləri ilə əlaqələrdən danışaraq universitetlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əlaqələrin davam və inkişaf etdirilməsinə inamını ifadə edib. O, öz xələfinin də bu istiqamətdə fəaliyyət göstərəcəyinə ümid etdiyini söyləyib. Vətəninə qayıtdıqdan sonra Çinin nüfuzlu universitetlərindən birində mühazirə oxuyacağını bildirən səfir Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı davam etdirmək arzusunu da dilə gətirib.

Görüşün sonunda səfir Çjan Yannyan ADU-ya xatirə hədiyyəsi təqdim edib.