“Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsi” qalibləri mükafatlandırıldı

9 Dekabr 2011 15:55 (UTC+04:00)

Bu gün Təhsil Nazirliyi "Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvlərinin əl işlərinin Respublika müsabiqəsi" qaliblərini mükafatlandırıb. SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, millət vəkillləri, dövlət qurumlarının nümayəndələri və digər ictimai-siyasi xadimlər iştirak edib. Nazir müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə cəlb etməkdir.Onun sözlərinə görə, müsabiqə rayon, şəhər və respublika mərhələləri olmaqla 2 mərhələdə həyata keçirilib.

"Bütün rayonların şagirdlər arasında rayon, şəhər və respublika mərhələləri üzrə keçirilən müsabiqə noyabr ayında başa çatıb. Müsabiqənin respublika mərhələsinə 400-ə yaxın iş təqdim olunub. Münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri olmaqla 60 qalib müəyyənləşdirilib. Müsabiqə dekorativ sənətin tətbiqi, dizayn və floristika nominasiyaları üzrə keçirilib və nazirliyin müvafiq əmri ilə təşkil olunub", - deyə o əlavə edib.

Tədbirin davamında müsabiqədə I, II və III yerləri tutan dərnək üzvlərinə Təhsil Nazirliyinin diplomu və hədiyyələri təqdim edilib.