Pakistan prezidenti iflic olub

9 Dekabr 2011 15:37 (UTC+04:00)

Pakistan prezidenti Asif Zərdari orta ağırlıqda insult keçirib, nəticədə isə üzünün bir hissəsi iflic olub.

İTAR-TASS-ın verdiyi xəbərə görə, çərşənbə axşamı Dubaydakı klinikalardan birinə çatdırılan Pakistan rəhbərinin vəziyyəti sabitdir, həyatına bilavasitə təhlükə yoxdur.

Bu barədə məlumatı bu gün "Nation" qəzeti prezidenti müalicə edən həkimlərin dediklərinə istinadən yayıb. O, reanimasiyadan adi palataya köçürülüb.


Zərdarinin normal həyat tərzinə qayıda bilməsi və nitqinin bərpası üçün xüsusi terapiya kursu keçməsi tələb olunur. Qəzetin bildirdiyinə istinadən, bu müalicə kursunu Pakistan rəhbəri Londonda alacaq.


Zərdarinin təcili şəkildə müalicəyə göndərilməsi Pakistanda böyük əks-səda doğurub. Bununla bağlı olaraq, hətta prezidenti xaricə qaçmağa vadar edəcək "yüngül hərbi çevriliş" barədə də söz-söhbətlər yayılıb.


Qeyd edək ki, hospitala yatırılmazdan bir qədər əvvəl prezidentin adı ABŞ-ın köməyi ilə Pakistan hərbi qüvvələri komandanlığının və xüsusi xidmət orqanları rəhbərliyinin kənarlaşdırılması planının hazırlanmasına cəhdlə bağlı böyük siyasi qalmaqalda hallanmışdı.