Cəzaçəkmə müəssisəsində baş verən insidentin təfərrüatları açıqlandı

9 Dekabr 2011 14:04 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidməti cəzaçəkmə müəssisəsində baş vermiş insidentlə baglı rəsmi olaraq münasibət açıqlayıb. .Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov SİA-yabildirib ki, hadisə ötən gün saat 20.00 radələrində Bakının Qaradağ rayonu ərazisində yerləşən mühafizə olunmayan açıq tipli cəzaçəkmə müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən, saxlanma qaydalarını pozduqları üçün cərimə kamerasında saxlanılan iki nəfər - 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu və 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlu müəssisənin növbətçisinə müraciət edərək kameranın kanalizasiya xəttində nasazlığın olması barədə yalan məlumat veriblər. Növbətçidən kömək istəyən məhkumlar qaçmaq niyyətində olublar. Belə ki, onlar əvvəlcədən yataq çarpayılarını sökərək dəmir alətlərlə silahlanıblar. Müəssisənin əməkdaşları kameraya daxil olan kimi məhkumlar onlara hücum edərək xəsarət yetiriblər. Nəticədə cəzaçəkmə müəssisəsinin əməkdaşları - Seymur Məhərrəmov və Ramiz Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaranmış vəziyyətdən istifadə edən Faiq Fərəcov hadisə yerindən qaçıb. Digər məhkum Fərid Dadaşov isə zərərsizləşdirilərək yenidən cərimə kamerasına salınıb. Müəssisə əməkdaşlarının qaçan məhkumun arxasınca getməsindən istifadə edən F. Dadaşov saxlandığı cərimə kamerasında yastıq üzlüyü ilə özünü asıb. Hazırda F. Fərəcovun tutulması istiqamətində axtarışlar davam edir.