ADU Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi proqramının layihəsində Azərbaycanı təmsil edəcək

8 Dekabr 2011 18:12 (UTC+04:00)

Bu gün ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi (EMXƏP) proqramının 204524-EM-1-2011-1-DE-ERA MUNDUS-EMA2-L07 saylı layihəsi çərçivəsində ALRAKİS konsorsiumunun koordinatoru, Almaniyanın George-Avqust-Göettingen Universitetinin əməkdaşı Dr.Karlos Maçado ilə görüşüb. SİA-nın xəbərinə görə, Səməd Seyidov ADU-da bu layihənin icrasının başlanmasından məmnun qaldığını deyib. Erasmus Mundus proqramının layihələrində Azərbaycandan olan universitetlərin iştirakını yüksək qiymətləndirən rektor qeyd edib ki, ADU və digər əməkdaş universitetlər bu layihənin reallaşmasına dəstək verirlər. Rəhbərlik etdiyi ali təhsil ocağında tədris olunan dillərdən danışan rektor həmin ölkələrin dil və mədəniyyət mərkəzlərinin də mövcudluğundan söz açıb.

Dr.Karlos Erasmus Mundus proqramı və bu proqram üzrə həyata keçirilən layihələr haqda məlumat verib. O, qarşılıqlı və birgə layihələrin işlənməsini və həyata keçirilməsini vacib sayıb.

Onu da əlavə edək ki, layihənin koordinatoru Dr.Karlos Maçado Azərbaycanda bu gün və sabah səfərdə olacaq və partnyor universitetlərdə də təqdimatlar keçirəcək. Hazırda Dr.Karlos Maçado ADU-nun professor-müəllim heyəti və tələbələrlə görüşdədir.