“İnter” çempionatın liderlərindən olsa da, onları məğlub etməliyik"

8 Dekabr 2011 16:04 (UTC+04:00)


"Qəbələ"nin müdafiəçisi olan  təcrübəli futbolçu Saşa Yunisoğlu komandadakı hazırkı durum barədə bir sıra açıqlamalar verib. Onun müsahibəsini sizə təqdim edirik.

- Yeni baş məşqçinin rəhbərliyi altında işləriniz necə gedir?

- Onun yeni olması hər halda formal xarakter daşıyır. Çünki Fatih Kavlak artıq ikinci mövsümdür, komandamızda çalışır. Güclü mütəxəssisdir. Təcrübəsi də var. Onu komandamızda ən azı mövsümün sonuna kimi görmək istərdim. Biz isə bu işdə ona kömək etməyə borcluyuq. Mütəxəssis kimi o, Toni Adamsa heç nədə uduzmur. Onun yeganə çatışmazlığı baş məşqçi kimi təcrübəsinin az olmasıdır.

- Onun iş üslubu Adamsın stilindən fərqlənir?

- O qədər də güclü fərqlərin olduğunu deməzdim. Təbii ki, müəyyən fərqlər var. Axı hər məşqçinin öz iş üslubu olur. Məşqlər zamanı tapşırıqlar, demək olar ki, əvvəlki kimidir. Amma Fatih Kavlakın təyinatından sonra daha çox məşq etməyə başlamışıq.

- Artıq neçə oyundur, komandanı kapitan kimi meydana çıxarırsız...

- Bu, mənim karyeramda ilk deyil. "MKT-Araz"da da kapitan idim. Hətta İmişli klubunu UEFA Kubokunun oyunlarına da mən çıxarmışdım. Baş məşqçi sağ olsun ki, sarğını mənə həvalə etdi. "Qəbələ"də əsas kapitan Mahir Şükürovdur. Onun yoxluğunda isə Lyubo Baranin. Amma məlum səbəblərdən hər ikisi son turlarda meydana çıxa bilmirlər.

- Qarşıdakı turda sizi "İnter"lə oyun gözləyir.

- Bu oyunda bizim üçün əlavə stimul olacaq. Rəqib uğurlu seriyaya malikdir və bu seriyaya son qoymağı çox istəyirik. "İnter" yaxşı, sabit komandadır. Rəqibin kimliyindən asılı olmayaraq, evdə oynadığımız görüşlərdə mütləq qələbə qazanmalıyıq.

- Heç-heçə istisnadır?

- Bizə üç xal lazımdır. Hər şeyin necə alınacağını isə oyun özü göstərəcək. "İnter" çempionatın liderlərindən olsa da, onları məğlub etməliyik. Heç-heçə bizim üçün o qədər də yaxşı nəticə sayılmayacaq.

- Hazırkı durumdan belə görünür ki, altılığa son vəsiqə uğrunda AZAL və siz mübarizə aparacaqsız...

- Hamı ötən mövsümü yaxşı xatırlayır. O vaxt biz son turda ilk altılığa düşmək şansını qaçırdıq. Bu dəfə isə hər şeyin son tura qalmasını istəmirik.