Millimiz Premyer Liqanın debütantına uduzdu

7 Dekabr 2011 23:45 (UTC+04:00)

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib. Berti Foqtsun rəhbərlik etdiyi komanda Bakıda təşkil olunmuş seçim xarakterli təlim-məşq toplanışı çərçivəsində Premyer Liqanın debütantı "Sumqayıt Şəhər"lə qarşılaşıb. Berti Foqtsun məqsədi əsas milliyə namizədləri nəzərdən keçirmək idi. Foqtsun yerlisi olan "Sumqayıt Şəhər"in baş məşqçisi Bernar Raab üçün də bu həm baxışda olan futbolçuları iş başında yoxlamaq, eyni zamanda ehtiyat oyunçulara baxış keçirmək idi.


Milli komandanın meydana məşq geyimində çıxması oyunun ciddiliyinə xələl gətirən amillərdən olsa da, Foqtsun diqqəti Latviyadan dəvət etdiyi hücumçu Vüqar Əsgərov və Rusiyanın "Volqa" klubunun əvəzedici heyətində çıxış edən yarımmüdafiəçi Şamil Qurbanovda idi.


Oyun sumqayıtlıların hücumları ilə başladı. Vüqar Əsgərov oyunda yeganə canfəşanlıq edən oyunçu kimi diqqəti cəlb edirdi. Qol isə oyunun 13-cü dəqiqəsində "Sumqayıt Şəhər"dən gəlib. Baxışda olan futbolçu Məhəmməd Məmmədov topu tora qovuşdurdu. Oyunun birinci hissəsi maraqsız şəraitdə keçdi.


İkinci hissədə qarşılıqlı əvəzetmələrlə hər iki alman baş məşqçi oyunda canlanma yaratmaq istəyirdi. 50-ci dəqiqədə isə Ruslan Nəsirli sumqayıtlıların ikinci topunu vurdu. Burada qapıçı Orxan Sadıqlının səhvi Foqtsun diqqətindən yayınmadı. Hesabda dəyişklik etmək üçün Foqts meydançaya Fərid Quliyev, Nizami Hacıyev və Elnur Abdulovu buraxdı. Millinin qolu isə Vüqar Əsgərovdan gəldi. Oyunun son dəqiqələrində Fərid Quliyev təkbətəkdən yararlana bilmədi. Beləliklə, milli yoldaşlıq görüşündə 1-2 hesabı ilə məğlub oldu.