AMEA-da kadr dəyişikliyi edilib

6 Dekabr 2011 17:19 (UTC+04:00)

AMEA Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclası "Günəşdə qlobal rəqslərin fiziki modelləri" adlı elmi məruzəyə həsr edilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Elmi məruzə ilə çıxış edən AMEA Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, günəş fizikasının fundamental və tətbiqi əhəmiyyətə malik bir sıra problemlərinin həlli onun qlobal rəqslərinin öyrənilməsi ilə bağlıdır. O, bu sahədə bir sıra tədqiqatların aparıldığını, alınmış nəticələrin Ümumdünya Astrofizika Cəmiyyəti tərəfindən iki dəfə astrofizika sahəsində ilin ən mühüm nəticəsi kimi qeyd olunduğunu və əldə olunan nəticələr əsasında 100-dən çox elmi məqalənin dərc edildiyini diqqətə çatdırıb.

İclasda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasının təmin edilməsi, "Türk Akademiyası" beynəlxalq təşkilatının təsis edilməsi haqqında saziş" barədə, AMEA Naxçıvan Bölməsi və Gəncə Regional Elmi Mərkəzi üzrə doktoranturaya qəbulun nəticələri, AMEA-nın müxbir üzvü Baba İsgəndərovun 75 illik yubileyinin keçirilməsi məsələlərinə baxılıb və təsdiq edilib. Sonda bir sıra kadr məsələlərinə də baxıldı. AMEA RH qərarı ilə AMEA-nın müxbir üzvü İlham Ələkbərov AMEA Zoologiya İnstitutunun, b.e.d. Validə Əlizadə isə AMEA Botanika İnstitutunun direktoru vəzifəsinə təyin edilib.