“Xocalı Soyqırımı: Şahidlərin dilindən” və “Ermənilərin törətdiyi soyqırımın qurbanı-Bağanıs Ayrım” kitablarının Türkiyə türkcəsindəki tanıtımı olub - FOTO

6 Dekabr 2011 16:19 (UTC+04:00)

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təşkilatçılığı ilə Kocaeli şəhərində "İnkişaf edən və dəyişən dünyada Türkiyə-Azərbaycan münasibətləri" mövzusunda keçirilən konfrans çərçivəsində millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, sabiq millət vəkili Həvva Məmmədovanın həmmüəllifi olduqları "Xocalı Soyqırımı: Şahidlərin dilindən" və millət vəkili Qənirə Paşayevanın Şərq qəzetinin baş redaktoru Akif Aşırlı ilə həmmüəllifi olduqları "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitablarının Türkiyə türkcəsindəki tanıtımı olub və tədbir iştirakçılarına paylanılıb.

SİA-nın xəbərinə görə, konfrans çərçivəsində millət vəkili Qənirə Paşayevaya Azərbaycan və Türkiyə arasında tarixin hər dövründə mövcud olan dostluq, qardaşlıq bağlarının qüvvətləndirilməsi və münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə görə mükafatlandırılıb.

Millət vəkili Qənirə Paşayeva Kocaelidə Türkiyə Böyük Millət Məclisinin üzvləri Şuay Alpay, Yusuf Halaçoğlu, Əli Özgündüz, Azize Sibel Gönüllə yanaşı, Kocaeli valisi, Türk dünyası ilə çalışan bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə də görüşüb və fikir mübadiləsi aparılıb. Millət vəkili həmçinin bu şəhərdə təhsil alan bir sıra tələbələr və bu şəhərdə yaşayan bir qrup azərbaycanlı ilə də görüşüb.

Tələbələrlə görüşdə millət vəkili türk gənclərini Azərbaycan həqiqətlərinin təbliği, erməni yalanlarının qarşısının alınması istiqamətində daha fəal olmağa çağırıb. Tələbə təşkilatları rəhbərlərinin millət vəkilindən Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar, sənədli filmlərlə bağlı xahişini Qənirə Paşayeva müsbət cavablandırıb və onlara bu istiqamətdə kömək edəcəyinə söz verib.