ARDNŞ-ə məxsus diaqnostika mərkəzləri, xəstəxanalar, mədəniyyət sarayları aidiyyatı nazirliklərin balansına veriləcək

6 Dekabr 2011 13:48 (UTC+04:00)

"Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı səslənən təkliflər nəzərə alınmaqla kommunikasiya üçün əlavə 671 min manat həcmində vəsaitin ayrılması məqbul hesab edilib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan parlamentinin bugünkü plenar iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir onu da bildirib ki, bir sıra millət vəkillərinin təkliflərinə qoşularaq ehtiyatda və istefada olan hərbi qulluqçular üçün müəyyən edilmiş mənzil kirayəsi xərclərinin qulluqda olan hərbiçilərə verilən kirayə haqlarını uyğunlaşdırmaqla ortada olan fərqin aradan qaldırılması üçün əlavə olaraq 1,4 milyon manat vəsaitin verilməsi məqbul hesab edilib: "Bəzi millət vəkillərinin təklifləri nəzərə alınmaqla QHT-lərin maliyyə dəstəyinin artırılması üçün 2012-ci ilin dövlət büdcəsi layihəsində bu məqsədlə nəzərdə tutulmuş 2,7 milyon manat vəsaitin 1 milyon manat artırılaraq 3,7 milyon manata, bələdiyyələrə verilən dotasiyaların məbləği 1,5 milyon artırılaraq 5 milyon manata çatdırılıb. Məişət zorakılığı ilə bağlı parlamentlərarası əlaqələrin qurulmasına 100 min manat vəsait ayrılıb. Millət vəkillərinin təklifləri nəzərə alınmaqla Dövlət Neft Şirkətinə məxsus olan diaqnostika mərkəzlərinin, xəstəxanaların, mədəniyyət saraylarının həmin təşkilatın balansında çıxarılaraq Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin balansına verilməsi barədə müsbət qərar qəbul edilib. Bu tədbirlərin maliyyə təminatı üçün əlavə 61 milyon vəsait tələb olunur".