"Neftçi" yanvarın 18-də Antalyaya yollanır

5 Dekabr 2011 19:02 (UTC+04:00)
Bakının "Neftçi" futbol klubu qış fasiləsində Türkiyədə 2 mərhələdə hazırlıq keçəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun prezidenti Sadıq Sadıqov məlumat verib: "Artıq bu məsələlər üzərində işləyirik. Bu gün klub daxili yığıncağımız oldu. Belə qərar verildi ki, növbəti qış fasiləsində də ən yaxşı variant Antalyadır. Yanvarın 18-dən orada təlim-məşq toplanışı keçirəcəyik. Bu, 2 mərhələdən ibarət 24 günlük hazırlıq prosesi olacaq".
"Ağ qaralar", toplanış müddətində yoxlama oyunlarına da diqqət yetirəcək: " Getməmişdən öncə təlim-məşq toplanışını təşkil edən firmalarla müqavilə imzalayırıq. Antalyada Ukraynadan, Rumıniyadan və bir ölkələrdən çox yaxşı komandalar olur. Hələ vaxtımıza bir az var. Məqsədimiz 5 yoxlama oyunu keçirməkdir. Rəqibin kimliyi həmin firmalardan asılı olacaq. Kimlərlə razılaşdıracaqlar, onlarla oynayacağıq". Qeyd edək ki, Premyer Liqamızda dekabrın 21-də yaranacaq qış fasiləsi gələn ilin fevralın 12-də yekunlaşacaq.