Bu gün əsas prioritetlərdən biri hesab olunan peşə təhsilinə maraq xeyli artıb. Amma bununla belə bu sahədə bir çox problemlər mövcuddur. SİA-nın xəbərinə görə, hazırda peşə təhsili Azərbaycanın təhsil sistemində ən çox problermi olan sahədir. Mövcud problemlərə maddi texniki bazanın zəifliyi, müasir avadanlıqların olmaması, Azərbaycan qanunvericiliyində hələlik müvafiq dəyişiklərin aparılmaması və digər məsələlər daxildir.
Ölkədə mövcud olan 108 peşə məktəbinin 24-ü yararsız vəziyyətdədir. 55 peşə təhsili müəssisəsində isə 14 min 411 nəfər məcburi köçkün məskunlaşıb. Eləcə də 78 məktəbin əsaslı təmirə ehtiyacı var. Təhsilin digər pillələrində İKT-nin imkanlarından istifadə üçün müəyyən işlər görülsə də, ilk peşə ixtisas təhsili sahəsində vəziyyət ürəkaçan deyil. Belə ki, ümumi orta təhsil müəssisələrinin 82 faizində kompüterlər var. İlk peşə iхtisas təhsili müəssisələrində isə 108 müəssisədə 395 kompüter var. 53 müəssisədə ümumiyyətlə kompüter yoхdur. 5 müəssisədə isə 20 və daha çoх kompüter mövcuddur. Yəni orta məktəblərdə hər 29 şagirdə bir kompüter düşdüyü halda, peşə təhsil müəssisələrində 64 şagirdə bir kompüter düşür. Bundan əlavə, vadanlıqlar köhnədir, təhsilin səviyyəsi o qədər yüksək deyil, peşə öyrədənin özü o qədər də yaxşı bilmir, proqramlar yeni deyil və başqa səbəblər. Uşaqların peşə təhsilinə maraq göstərməməsinin də çoxlu səbəbləri var.
Təhsil naziri Misir Mərdanov peşə təhsilinə marağın xeyli artdığını desə də bu sahədə bir çox problemlər mövcud olduğu etiraf edib. O bildirib ki, hazırda peşə təhsili Azərbaycanın təhsil sistemində ən çox problemi olan sahədir: "Bir müddət bu sahənin diqqətdən kənarda qaldığını deyən nazir vurğulayıb ki, son illərdə prezident tərəfindən xüsusi tapşırıq verildikdən sonra bu sahənin inkişafı ilə bağlı proqram həyata keçirilir və bu sahədə irəliyə doğru addımlar atılıb. Amma hələ böyük bir işin başlanğıcındayıq".
Nazir yeni Təhsil Strategiyasında peşə təhsilinin inkiaşfına təkan verəcək yeniliklərin olacağını deyib. O, 2012-ci ilin dövlət büdcəsindən də peşə təhsilinin inkişafına müəyyən məbləğdə maliyyənin ayrıldığını söyləyib: "Əlbəttə, dövlət büdcəsində nəzərdə tutulan vəsait dövlətin peşə təhsilinin maliyyələşməsi üçün nəzərdə tutulur. Amma hər hansı bir layihənin həyata keçirmək üçün investisiya layihələri hazırlanır. Bununla bağlı büdcədə hələki bir şey görünmür, olanda bu barədə danışacağıq.
Hər halda qanunlar qəbul edilir, qanunverici çərçivə yaradılır, lakin lazımi işçilər və resurslar olmadan nəyisə dəyişmək çoх çətindir.
Unutmayaq ki, peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrindən biri hesab olunur. bu sahəyə maraq göstərəın gənclərin sayını artırmaqla ölkənin sonrakı inkişafına müsbət təsir etmiş olarıq.