“Aleko” Opera və Balet Teatrının səhnəsində- FOTO

5 Dekabr 2011 16:06 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun "Aleko"operasının premyerası keçirilib. SİA-nın məlumatına görə, dünya opera sənətinin ən dəyərli nümunələrindən olan "Aleko" opera sevərlər arasında çox sevilən populyar əsərlərdən biridir. Premyera tamaşası anşlaqla keçib.

Əməkdar incəsənət xadimi, dirijor Yalçin Adıgözəlovun rəhbərliyi altında simfonik orkestrin, əməkdar incəsənət xadimi, baş xormeyster Sevil Hacıyevanın başçılıq etdiyi xor kollektivi və solistlərin yüksək professional ifası, həmçinin tamaşanın stenoqrafiyasında istifadə olunan videoproeksiya, əlvan və rəngarəng səhnə kostyumları tamaşanı daha baxımlı və maraqlı edib.

Tamaşada əsas rolları əməkdar artistlər Əvəz Abdullayev (Aleko), Zemfira İsmayılova (Zemfira), Əkrəm Poladov (Qoca qaraçı), həmçinin gənc və istedadlı vokalçı Azər Rzazadə fantastik şəkildə ifa ediblər.

Tamaşadan sonra xalq artisti, bəstəkar Musa Mirzəyev bildirib ki, premyera tamaşası yüksək səviyyədə baş tutdu: "Y.Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin çıxışı ən yüksək qiymətə layiq idi. Xor kollektivi və solistlərin çıxışlarını da çox bəyəndim. Aleko partiyasının ifaçısı Əvəz Abdullayevin çıxışını xüsusilə qeyd etmək lazımdır. Onun yüksək vokalı və məharətli aktyor ifası bütün tamaşaçıları heyran etdi. Rejissorun işi də diqqətə layiq idi. Ukraynalı quruluşçu rejissor Nikolay Tretyak heç şübhəsiz ki, böyük iş görmüş, ən əsası isə tamaşanın dramatizmini və stilistikasını dəqiq təqdim edə bilmişdir. Bir sözlə, mən və premyera tamaşasında iştirak edən tanışlarım böyük zövq aldıq. Bu günkü tamaşa opera sənətinin əsl bayramına çevrildi".