Mətbuat Şurasında Azərbaycan mətbuatının klassiki Nəsrulla İmanquliyevin 100 illik yubileyi ilə bağlı məsələ müzakirə olunub

3 Dekabr 2011 15:03 (UTC+04:00)

Azərbaycan Mətbuat Şurası idarə heyətinin iclası keçirilib. Şuradan bildiriblər ki, iclasda əvvəlcə Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, Əməkdar Jurnalist Nəsrulla İmanquliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı müzakirələr aparılıb.

Şura sədri Əflatun Amaşov milli jurnalistikamızın təşəkkülü və inkişafında xüsusi yeri, əvəzsiz xidmətləri olan Nəsrulla İmanquliyevin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirlər haqqında məlumat verib.

İclasda çıxış edən Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas Azərbaycan jurnalistlərinin böyük bir nəslinin ustadı Nəsrulla İmanquliyevin mətbuat tariximizə misilsiz töhfələr verən bir şəxsiyyət olduğunu bildiriblər. Qeyd edilib ki, onun redaktoru olduğu "Bakı" və "Baku" qəzetləri bu gün də örnək sayıla biləcək bir məktəbdir.

İclasda Şura tərəfindən "Nəsrulla İmanquliyev irsi və müasir jurnalistikamız" adlı konfransın keçirilməsi qərara alınıb. İclasda müzakirə olunan digər məsələlərdən biri isə Şuranın illik hesabatı ilə bağlı olub. Bildirilib ki, ənənəyə uyğun olaraq Şura tərəfindən il ərzində görülən işləri özündə əks etdirən hesabat hazırlanaraq media təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin müzakirəsinə təqdim ediləcəkdir. İdarə heyətinin üzvləri hesabatda əldə edilmiş uğurlarla yanaşı, həllini gözləyən məsələlərə də ətraflı yer verilməsini təklif ediblər.

Sonra Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə komissiya tərəfindən səkkiz qəzetlə bağlı müzakirələrin aparıldığını bildirib. V.Rəhimzadə "Polit press" və "Yeni axtarış" qəzetlərinin fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan halların olduğunu vurğulayıb. İclasda hər iki qəzetin "reket nəşr" elan olunaraq Şuranın "qara siyahı"sına daxil edilməsi qərara alınıb.

Sonra iclasda "Discovery Azerbaijan" jurnalının, "Yeni liqa" qəzetinin, "Tele-inform" Xəbərlər Mərkəzinin Şuranın sıralarına üzv qəbul olunması barədə qərar qəbul edilib.