“Sumqayıt Bloq Günü” keçirilir

3 Dekabr 2011 13:23 (UTC+04:00)

Bu gündən başlayan "Sumqayıt Bloq günü"nə Qafqaz Universitetində keçirilən tədbirlə start verilib. SİA-nın xəbərinə görə, tədbirdə Bakı, Sumqayıt və eləcə də regionlarda olan bloqçular bir araya gəliblər. Əsas məqsəd isə Sumqayıtı internetdə tanıtmaq və bloqlarda Sumqayıt haqqında maraqlı yazıların artmasına kömək etməkdir. Bununla yanaşı, tədbirdə iştirak edənlər həm əylənəcək, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərlə tanış olacaqlar. Tədbir aşağıdakı hissələrdən ibarətdir:

Tədbirin ilk günündə Qafqaz Universitetində gənclərin, mütəxəssislərin və dövlət nümayəndələrinin İnformasiya Texnologiyalarının təhsilə tətbiqi, elektron hökumət və s. mövzular üzrə birgə müzakirələri keçirilib. Burada gənclər onları düşündürən sualları ünvanlaya, dövlət nümayəndələri isə Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərlə tanış olublar.


Tədbirin ikinci hissəsində Sumqayıt gəncləri bloqçuları şəhərə gəzintiyə dəvət edəcəklər. Qonaqlar kiçik qruplarda şəhərin müxtəlif maraqlı yerləri və müəssisələri ilə tanış olduqdan sonra maraqlı mədəniyyət tədbirinə qoşulacaqlar. Axşam isə, bloqçular Sumqayıt ailələrinin qonaqları olacaqlar.


Tədbirin ikinci günü yenidən Qafqaz Universitetində mütəxəssislərin iştirakı ilə seminarlar və təlimlər təşkil olunacaq. Maraqlandığınız mözvuları qeydiyyat zamanı bildirin ki, öyrənmək istədiyiniz mövzular nəzərə alınsın. Bundan başqa, gün ərzində bloq yazılarınızı hazırlamaq üçün vaxtınız olacaq.

Sumqayıt haqqında yazılmış ən maraqlı 10 yazı 200 manata qədər müxtəlif mükafatlar qazana biləcəklər. Qeyd edək ki, bu müsabiqə yalnız tədbir iştirakçıları üçün keçiriləcək.