Qənirə Paşayeva Bağdad Universitetinə Azərbaycan həqiqətlərinə, tarixinə dair materiallar təqdim edib

2 Dekabr 2011 16:46 (UTC+04:00)

İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və millət vəkili Etibar Hüseynov Bağdad şəhərində keçirilən "İraqın demokratik seçimi. Gələcəyə baxış" adlı beynəlxalq konfrans çərçivəsində tədbirin təşkilatçısı olan İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Vatıq El Haşimi ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Vatıq El Haşimi görüş zamanı Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını deyiblər. Millət vəkilləri Qənirə Paşayeva və Etibar Hüseynov da Azərbaycanın İraqla bütün sahələrdə münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildiriblər.

Millət vəkili Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi, bu istiqamətdə son vəziyyət barədə məlumat verib və Mərkəzə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib. Millət vəkilləri Qənirə Paşayeva və Etibar Hüseynov İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Vatıq El Haşimi Azərbaycana dəvət ediblər.

Millət vəkili Qənirə Paşayeva Bağdad Universitetinin vitse-prezidenti, professor Riyadh Aziz Hadi ilə də görüşüb. Azərbaycan və İraqın tarixən bir-birinə dost ölkələr olduğunu deyən professor Riyadh Aziz Hadi Azərbaycan universitetləri ilə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib. Bunun çox önəmli olduğunu deyən millət vəkili Qənirə Paşayeva Bağdad Universitetinin vitse-prezidenti, professor Riyadh Aziz Hadiyə Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Professor Riyadh Aziz Hadini Azərbaycana dəvət edən millət vəkili Qənirə Paşayeva Bağdad Universitetinə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib.