İki peşə təhsili müəssisəsinin fəaliyyəti “kafi” qiymətləndirilib

1 Dekabr 2011 18:29 (UTC+04:00)

İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq tədris ocaqlarının akkreditasiyadan keçirilməsi istiqamətində atılan addımların təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili baxımından əhəmiyyətini qeyd edib.

Siyəzən Peşə Məktəbində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru Elxan Cəfərov tədris ocağının fəaliyyəti barədə danışıb. E.Cəfərov Siyəzən Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət və digər göstəricilərindən söz açıb. Balakən 2 nömrəli Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri, 14 nömrəli Bakı Peşə Məktəbinin direktoru Vidadi Quliyev qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb.

V.Quliyev daha sonra təqdimat-məruzəsində Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə fəaliyyət imkanlarından bəhs edib. Sonra hər iki peşə məktəbi üzrə aparılan akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyası zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib, hər iki təhsil müəssisəsinin fəaliyyətinin "kafi" qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.