Dövlət başçısı Portuqaliyanın Azərbaycandakı səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul edib

1 Dekabr 2011 17:37 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Portuqaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, Xanım Luisa Bastos de Almeida etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən xanım Luisa Bastos de Almeida ölkəmizə gələrkən özü ilə iş adamlarından ibarət nümayəndə heyətini də gətirdiyini qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinin zəruriliyini bildirib. Prezident İlham Əliyev xanım Luisa Bastos de Almeidanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib.