Avarçəkənlərimiz Bolqarıstanda təlim-məşq toplanışında iştirak edirlər

1 Dekabr 2011 14:08 (UTC+04:00)
2012-ci ildə keçiriləcək yarışlara hazırlıq məqsədi ilə Azərbaycan avarçəkənləri təlim-məşq toplanışına başlayıblar. Siasport.az saytı Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk hazırlıq prosesi Bolqarıstanın Belmeken bazasında keçirilir. Üç həftə davam edəcək toplanışda akademik avarçəkənlərimiz - Aleksandr Aleksandrov, Boris Yotov, Nataliya Mustafayeva, İskra Angelova və Viktoriya Nençeva, eləcə də kanoe üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Valentin Demyanenko iştirak edirlər. V.Demyanenko şəxsi məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında çalışacaq. Akademik avarçəkənlərimizin hazırlığına milli komandamızın baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi Yuliana Stoyeva nəzarət edəcəklər. Qeyd edək ki, Belmeken bazası dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. Toplanışda iştirak edən V.Demyanenko, A.Aleksandrov və N.Mustafayeva artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Viktoriya Nençeva–İskra Angelova dueti də olimpiadaya vəsiqə qazanmağa iddialıdır. Onlar gələn il keçiriləcək olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlməyə çalışacaqlar.