Beynəlxalq Miqrasiya Təşkilatının yaranmasından 60 il ötür

30 Noyabr 2011 12:27 (UTC+04:00)

Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının yaranmasının 60 illiyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə öncə qurum tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Sonra çıxış edən BMT-in regional direktoru Renata Held bildirib ki Azərbaycan miqrasiya sahəsində uğurlu tədbirlər həyata keçirir. Bundan başqa, BMqT Azərbaycanda Naxçıvan hökuməti ilə birgə layihələr həyata keçirib. Mikrokreditlərin verilməsi, insan alveri ilə mübarizə sahəsində tədbirlərin gücləndirilməsi, kəhrizlərin yenidən qurulması və s. layihələrin reallaşdırılmasına yardımçı olub. R. Held deyib ki, hazırda BMT tərəfindən Azərbaycanda 10 layihə həyata keçirilməkdədir. İmmiqrasiya və sərhəd idarəçiliyi layihəsi çərçivəsində Naxçıvan Sərhəd Dəstəsində layihə reallaşdırılıb. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov isə çıxışında ötən dövr ərzində əlaqələrin sürətlə inkişaf etdiyini və ikitərəfli əməkdaşlıq perspektivlərinin yarandığını söyləyib. Onun sözlərinə görə, miqrasiya sahəsində bir pəncərə sisteminin tətbiqi bu sahədə prosedurların sadələşdirilməsinə, şəffaflığın təmin olunmasına səbəb olub. Miqrasiya sahəsində Vahid Məlumat Sistemi yaradılıb. Bu sistem ölkədə miqrasiya sahəsində baş verənlər haqda dəqiq məlumat əldə etməyə imkan verir. Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin işləri və miqrasiya məsələləri şöbəsinin müdiri Qurban Sadıqov isə bildirib ki, Beynəlxalq Miqrasiya təşkilatı Azərbaycanın qurumları ilə bu dövrdə sıx işləyib. Qeyd edək ki, BMqT 1951-ci ildə təsis olunub. Təşkilat tərəfindən hazırda dünyanın müxtəlif bölgələrində 2500 layihə həyata keçirilir.