Noyabrın 24-25-də Budapeşt şəhərində Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə "III Respublikanın 20 ili" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfransda Azərbaycan və Macarıstandan olan mütəxəssislər və tanınmış ictimai-siyasi xadimlər 1991-ci ildə müstəqillik aktının qəbul olunmasından sonra Azərbaycan, onun daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin iqtisadiyyatı, neft strategiyası, mədəniyyəti, təhsili və digər mövzularda məruzələrlə çıxış ediblər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev ölkəmizin 20 ildə keçdiyi şərəfli yoldan danışıb və konfransın əhəmiyyətini vurğulayıb. V.Quliyev Azərbaycan və Macarıstanın dövlət qurumlarının yüksək vəzifəli rəsmilərinin, millət vəkillərinin, hər iki ölkənin elmlər akademiyalarının təmsilçilərinin, tanınmış elm xadimlərinin konfransda Azərbaycanın müstəqillik illərində keçdiyi yola nəzər salacağını bildirib.
Daha sonra Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov nitq söyləyib.
Sonra məruzələr başlanıb. Millət vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisədə müstəqillik illərində görülən işlərə nəzər salaraq, əməkdaşların səmərəli fəaliyyəti nəticəsində əldə olunan nailiyyətləri qeyd edib: "Son 20 il ərzində institut əməkdaşlarının 245 monoqrafiya və kitabı, 2700 məqaləsi işıq üzü görüb. Əməkdaşlarımızın kitabları xarici ölkələrdə də tərcümə olunub çap edilir. Alimlərimizin son illərdə İranda, Türkiyədə, Rusiyada, Kanadada, Ərəb ölkələrində kitabları işıq üzü görüb. Alimlərimizin kitablarından 17-si, məqalələrindən isə 365-i xaricdə nəşr olunub. Bundan əlavə Şərqşünaslıq İnstitutunun mütəmadi olaraq "Şərq filologiyası məsələləri" məcmuəsi, "Elmi araşdırmalar" toplusu və "Azərbaycan şərqşünaslığı" jurnalı nəşr olunur. Şərqşünaslıq İnstitutunda bu illərdə 60-dək ümumrespublika və beynəlxalq elmi konfrans, simpozium və sessiyalar keçirilib, əməkdaşlar 550 dəfədən çox xarici ölkələrdə elmi məclislərdə iştirak ediblər".
Gövhər xanım respublikamızın müstəqillik qazanmasının institutun önündə yeni üfüqlər açmaqla bərabər, həm də ciddi vəzifələr qoyduğunu qeyd edib: G.Baxşəliyeva institutda elmi tədqiqat işlərinin əsasən Şərq ölkələrinin tarixi, bu ölkələrdə cərəyan edən ictimai-siyasi, iqtisadi və etno-konfessional proseslər, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolu, Şərq xalqlarının tarixi və filoloji irsi, yazılı abidələrin tədqiqi, tərcüməsi və nəşri, islam mədəniyyətinin təşəkkül tapmasında Azərbaycan xalqının iştirakı, Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi həyatında İslam amili və s. istiqamətlərdə aparıldığını diqqətə çatdırıb.