Son illər ölkədə quduzluq xəstəliyinin əvvəlki illərə nisbətən artması müşahidə olunur. Quduzluq təhlükəsi bölgələrlə yanaşı paytaxt ərazisində də insanları izləyir. Redaksiyamıza müraciət edən Masazır sakinlərinin verdiyi məlumata görə, ərazidəki sahibsiz itlər insanlara hücum edir: "Masazırın sakinləri vahimə içində yaşayır. İşdən axşam saatlarında evə gedən sakinlərdən bir neçəsini it qapıb. Artıq uşaqları məktəbə tək buraxmağa qorxuruq. Sahibsiz itlər uşaqlara hücum edir. Əlaqəli qurumlara müraciət etsək də, heç bir tədbir görülmür".
Oxşar problem bu gün paytaxtın bir çox ərazilərində müşahidə olunur. Xüsusən Bakətrafı qəsəbələrdə, Sabunçu, Suraxanı, Xətai, Qaradağ rayonlarının ərazisində də sahibsiz itlər gedib-gələnə aman vermir.
Bölgələrdə isə insanlar nəinki it, canavarlarla, çaqqallarla mübarizə aparmaq məcburiyyətindədir. Şəki, Oğuz, Quba, Zaqatala, Balakən və digər ərazilərdə müşahidə edilən bu hal nəticəsində fərdi təsərrüfatlara ziyan dəyməklə yanaşı, ölüm halları da qeydə alınmaqdadır.
Bu il 8 mindən çox insanı heyvan dişləyib
Onu da deyək ki, Azərbaycan və Avropa Konvensiyasının vəhşi təbiətin qorunması ilə bağlı qanunvericiliyinə əsasən canavarların vurulması qadağandır. Ancaq onların sayının artması və ayrı-ayrı ərazilərdə yerləşən kəndlərə hücumu, mal-qaranı məhv etməsi, əhali arasında narahatlıqlar yaratması ilə əlaqədar olaraq bu kimi tədbirlərin görülməsinə ehtiyac yarandı. Bu səbəb də Ekologiya və Təbii Sərvətlər Nazirliyi canavarların güllələnməsini həyata keçirir. Qurumdan verilən məlumatda bildirilir ki, təhlükə olan ərazilərdən müraciət daxil olan kimi tədbirlər görülür.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən aldığımız məlumata görə, bu ay baytarlıq laboratoriyasına quduzluq xəstəliyi ilə bağlı 65 nümunə daxil olub. Onlardan 27-də xəstəlik aşkarlanıb.
DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli də əvvəlki illərə nisbətən son 3-4 ildə Azərbaycanda quduzluq xəstəliyinin artdığını dedi: \"Quduzluğun artmasının əsas səbəbi erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə meşələrin, əkin yerlərinin yandırılıb talan edilməsi nəticəsində vəhşi heyvanların, gəmiricilərin sərhədyanı və digər rayonların ərazilərinə miqrasiya edərək populyasiyalarının artmasıdır. Bunun nəticəsidir ki, Goranboy, Ağstafa, Tərtər və digər rayonlarda kənd təsərrüfatı heyvanları, hətta insanlar vəhşi heyvanların hücumuna məruz qalır\".
Yolçu Xanvəli bildirib ki, sərhədyanı rayonların quduzluğa görə epizootik durumu mürəkkəb olan bəzi kənd və qəsəbələrində kənd təsərrüfatı heyvanlarının antrabik vaksinlə məcburi peyvənd edilməsi işləri həyata keçirilir.
Statistik məlumatlara görə isə 2011-ci il ərzində Bakı şəhəri də daxil olmaqla bütün respublika üzrə təqribən 8 mindən çox heyvan dişləməsi hadisəsi qeydə alınıb. Cari ilin 6 ayı ərzində quduzluq xəstəliyinə yoluxma halı da qeydə alınıb.
Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən isə bildirildi ki, hazırda İdarədə 11 briqada fəaliyyət göstərir: "Hər briqadaya 1 ovçu, 1 sürücü və 1 fəhlə var. Sahibsiz itlərlə başlı hər-hansı ərazidən müraciət edərsə, dərhal tədbir görülür. Müraciətlər çox olduğu üçün hər tərəfə nəzarət etmək mümkün olmur. Ancaq müraciətlərə əsasən dərhal tədbir görülür.
Quduzluq xəstəliyinin artmasının insanlar arasında narahatlığını nəzərə alıb mütəxəssislərdən bu xəstəliyin ilkin əlamətləri və bu xəstələrə göstərilən tibbi yardım haqda məlumat aldıq.
Heyvanın boyun nahiyəsini dişləməsi daha təhlükəlidir
Bu sahə üzrə mütəxəssis İradə Alışova bildirdi ki, quduzluq insan üçün ölümcül təhlükəlidir: "Bu kəskin virus xəstəliyi insanın sinir sisteminin inkişaf edir. Quduz heyvanın insanı dişlədikdə və ya tüpürcəyi ilə zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçir. Bədənə daxil olduqdan sonra virus sinir lifləri ilə yayılaraq ən ucqar nöqtələrə çatır. Ölüm halları daha çox boyun nahiyəsinin dişlənməsi zamanı baş verə bilər. Quduzluğa yoluxan insanda əzginlik, baş ağrısı, iştahasızlıq, yuxululuq, titrətmə halları baş verir. Sonrakı mərhələdə əsəbilik, yuxu pozulmaları, həyəcan halları müşahidə edilə bilər. Xəstəyə vaxtında yardım edilməzsə, quduzluq yüksək inkişaf mərhələsinə çatır və bu zaman xəstələr aqressiv olur, ətrafdakıları və özlərini dişləyir, cırmaqlayır, quduzluqla paltarı, döşəkağını cırırlar. Oyanma mərhələsində ürək və tənəffüs fəaliyyətinin dayanması nəticəsində xəstələrin əksəriyyəti dünyasını dəyişir.
Vəziyyətin o həddə çatmaması üçün heyvan qapan insana öncə ilk yardım göstərmək lazımdır. Belə ki, yaranı sabunlu su ilə yuduqdan sonra, üzərinə yod tökülməlidir. Daha sonra isə təcili həkimə müraciət olunmalıdır. Xəstəxanalarda isə peyvənd müalicəsi aparılır. Daha sonra isə həkimin təyinatından asılı olaraq müalicə davam etdirilməlidir.
Xəstəlik orqanizmdə 10 gündən 8 ayadək davam edə bilər. Bu daha çox dişləmənin yerindən, ağırlığından, geyimlə örtülü olmasından və şəxsin yaşından asılıdır.